Peyvənd olunmayan uşaqları hansı risklər gözləyir?
Qlobal miqyasda uşaqların sağlamlığını təhdid edən əsas problemlərdən biri immunizasiya boşluqları olaraq qalır. Xüsusilə, “COVID-19” pandemiyasından sonra bir çox ölkədə rutin peyvəndləmə proqramlarının pozulması milyonlarla uşağın həyati əhəmiyyətli vaksinasiyadan kənarda qalmasına səbəb olub.
Bu vəziyyət beynəlxalq təşkilatları daha genişmiqyaslı və koordinasiyalı addımlar atmağa vadar edib.
Məhz bu kontekstdə həyata keçirilən qlobal təşəbbüs çərçivəsində son illərdə əhəmiyyətli irəliləyiş qeydə alınıb.
Ümumdünya səviyyəsində milyonlarla uşağa çatdırılan peyvəndlər təkcə fərdi sağlamlığı deyil, həm də ictimai səhiyyə təhlükəsizliyini gücləndirməyə yönəlib və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda kritik rol oynayır.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd etmək lazımdır ki, peyvəndləmə həm ölkəmizdə, həm də ümumilikdə Avropa və digər regionlarda əsasən uşaqlar arasında daha geniş tətbiq olunur. Bu isə təsadüfi deyil.
Məlum olduğu kimi, uşaqların immun sistemi yetkin insanlarla müqayisədə daha zəif olur və bu səbəbdən erkən yaşlarda peyvənd olunmaları xüsusi əhəmiyyət daşıyır.
Peyvəndlər uşaqları müxtəlif yoluxucu xəstəliklərdən – qızılca, suçiçəyi, vərəm və digər təhlükəli infeksiyalardan qorumaq üçün nəzərdə tutulur.
Əgər peyvəndləmə aparılmazsa, bu xəstəliklər gələcəkdə daha ağır fəsadlara səbəb ola bilər. Bu baxımdan, uşaqlıq dövründə peyvəndləmə zəruri və vacib profilaktik tədbir hesab olunur.
Son dövrlərdə onkoloji xəstəliklərə qarşı da müəyyən peyvəndlər mövcuddur.
Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi peyvəndlərdən biri qadınlar arasında geniş yayılmış uşaqlıq boynu xərçənginə qarşı – yəni insan papilloma virusuna (HPV) qarşı tətbiq olunur.
Digər mühüm istiqamət isə qaraciyər xərçəngi ilə bağlıdır. Məlumdur ki, bu xəstəliyin əsas səbəblərindən biri hepatit B və C viruslarıdır. Bu səbəbdən bir sıra ölkələrdə həmin viruslara qarşı peyvəndlər artıq sığorta paketlərinə daxil edilib və geniş tətbiq olunur.
Ölkəmizdə peyvənd istehsalı həyata keçirilmədiyinə görə, vaksinlər müxtəlif ölkələrdən – o cümlədən Hindistan, Türkiyə, Amerika və Avropa dövlətlərindən idxal olunur.
Lakin bu proses tam nəzarət altındadır. Peyvəndlər ölkəyə daxil olduqdan sonra müvafiq qurumlar tərəfindən ciddi yoxlamadan keçirilir, ekspertizadan keçir və yalnız sertifikatlaşdırıldıqdan sonra istifadəyə icazə verilir. Bu prosedurlardan keçmədən heç bir peyvəndin ölkəyə daxil olması və istifadəsi mümkün deyil".
Elmir Heydərli
12:33 27.04.2026
Oxunuş sayı: 651