Uşaqlıq travması böyüyəndə həyatınızı gizlicə zəhərləyir - Psixoloq
Uşaqlıqda yaşanan travmalar insanın böyüdükdə emosional və sosial davranışlarına təsir edə bilər. İnsanlar bu cür təcrübələr nəticəsində bəzən özünü dəyərsiz, görünməz və ya daim başqalarını məmnun etməyə çalışan kimi hiss edə bilirlər. Travmalar həm dostluq, həm də iş münasibətlərində özünü göstərə bilər - bəziləri insanlardan emosional məsafə saxlayır, bəziləri isə tərk edilmək qorxusu ilə həddindən artıq bağlılıq göstərir. Belə təcrübələr, fərqindəlik, təhlükəsiz münasibətlər və düzgün dəstək olmadığı halda, zamanla psixoloji və hətta fiziki sağlamlığa da təsir göstərə bilər. İnsanlar bu reaksiyaların özlərinin zəifliyindən irəli gəlmədiyini, əksinə, keçmişdə yaşadıqları vəziyyətlərə uyğunlaşma mexanizmi olduğunu anlamalıdırlar.

Bu barədə Crossmedia.az-a açıqlama verən ADAU-nun müəllimi, psixoloq Turanə Əsədova uşaq vaxtı davamlı tənqid və sərt yanaşmanın böyüdükdə "heç vaxt yaxşı olmayacağam" hissi yaratdığını vurğulayıb: "Çünki tənqid rədd edilmək kimi hiss olunur. Onu tətikləyən isə geri dönüş almaq hissidir. Böyüdükdə isə bu narahatlıq, utanc, müdafiəyə keçmək kimi reaksiyalarda bildirir. Ümumiyyətlə, yüksək səslər, tərk edilmiş kimi hiss etmək, görməməzlikdən gəlinmək hissi, hər kəsi razı salmağa çalışma və ya tez-tez üzr istəmək uşaq vaxtı qışqırıq və xaos içində böyümək, erkən yaşlarda emosional və ya fiziki diqqətsizlik, uşaqlıqda duyğuların, ehtiyacların nəzərə alınmaması, sevilmək üçün başqalarının istəklərinə uyğunlaşma məcburiyyətində qalma kimi özünü biruzə verir.
Böyüdükdə artıq bu hisslər psixi sağlamlığa verdiyi zərər kimi fiziki sağlamlığa da təsirini göstərir. Belə ki, psixi sağlamlığımızda panika, narahatlıq, qaçmaq istəyi, qorxu, kədər, yapışqan davranış, dəyərsiz və görünməz hiss etmək, hamını məmnun etmək kimi göstərə bilər. Valideynlərimiz "qoruyucu qalxan" funksiyasını yerinə yetirməyə çalışarkən əslində uşaqlarda sağlam şəxsiyyətin, sağlam psixikanın formalaşmasına baryer çəkmiş olurlar. Bəzən valideynlərin daha çox qoruyucu, sahiblənməsi gələcəkdə "Niyə belə kiçik bir şeyə bu qədər güclü reaksiya verirsən?" düşüncəsini ortaya qoyur".
Psixoloq qeyd edib ki, əgər bunlar rezonans yaradırsa, unutmamaq lazımdır ki, o sizin reaksiyaların "qırıq" və ya "şişirdilmiş" olmasının sübutu deyil: "Bu reaksiyalar bədənin "Burada nəsə mənə keçmişdəki kimi hiss etdirir" demə formasıdır. Bu mesaj mühakimə yox, şəfqət tələb edir. Sağalmaq sinir sisteminə yavaş-yavaş "bu gün dünən deyil" deyə öyrətməkdir. Travma əslində dostluq münasibətlərinə təsir etdikdə iki cür özünü biruzə verə bilər: qapanma, uzaqlaşma, ya da həddindən artıq bağlılıq.
Birinci halda insan özünü qorumaq üçün emosional məsafə saxlayır, yəni bir növ "qorxu" ilə yaşayır, ətrafındakıların davranışlarını ya səhv anlayır ya da təhlükəli kimi yozur. Həddindən artıq bağlılıq isə tərk edilmə qorxusu güclü olur. Dostlarından, ətrafındakı insanlardan daim təsdiq və diqqət gözləyə bilər. Nəticədə incinmə, gərginlik, anlaşılmazlıq yarana bilər.
İş həyatında da travmaların təsiri yan ötmür. Belə ki, iş mühitində travmalar özünü bu cür göstərə bilir: tənqidə həddindən artıq həssaslıq, rəhbərlə çətin münasibət, özünü bacarıqsız hiss edib geri çəkilmə (perfeksionizm), komando işində güvən problemi".
T.Əsədova travmanın təsirlərinin əlbəttə fərqindəlik, təhlükəsiz münasibətlər və psixoloji dəstək ilə zamanla yumşala və düzələ biləcəyini hesab edir: "Travmanın təsirləri insanın xarakteri demək deyil, uyğunlaşma mexanizmidir. Düzgün dəstək, doğru istiqamət bunları aradan qaldırmağa təsir etməyə köməklik edə bilər".
Fatimə Məmmədova
12:37 05.01.2026
Oxunuş sayı: 6260