Kran-Montana kurortunda faciə: terror ehtimalı istisna edildi
İsveçrə polisi Kran-Montana dağ-xizək kurortunda baş verən ağır hadisənin terror aktı olması ehtimalını istisna edib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hazırda əsas versiya qəsdən törədilmiş yanğın hesab olunur.
Crossmedia.az xəbər verir ki,hadisə nəticəsində onlarla insan həlak olub, təxminən 100 nəfər isə xəsarət alıb. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam etdirilir. Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı istintaq aparılır.
Bildirilir ki,kurort ərazisində yerləşən barlardan birində baş verən partlayış və sonrakı yanğın nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-ə yaxın şəxs yaralanıb. Yaralıların bir qismi ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, hazırkı məlumata əsasən, həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat yoxdur. Nazirlik vəziyyəti nəzarətdə saxladığını və İsveçrə tərəfi ilə əlaqədə olduğunu vurğulayıb.
Qeyd edək ki, Kran-Montana İsveçrənin ən məşhur turizm mərkəzlərindən biri hesab olunur və ilin bu dövründə kurortda yerli sakinlərlə yanaşı çoxsaylı xarici turistlər də olur. Hadisə ölkə ictimaiyyətində ciddi narahatlıq doğurub.
Nastya Qəniyeva
21:05 01.01.2026
Oxunuş sayı: 3213