“SOCAR Hackathon 2025” tədbiri keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” adlı tədbir keçirilib.
Crossmedia.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Tədbirin açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəisi Teymur Əliyev, “Microsoft” şirkətinin təmsilçisi Gumyrbek Sandibekov, SOCAR-ın baş data inzibatçısı Azad Hüseynov tədbirin ölkəmizin innovasiya ekosistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu yarışmanın gənclərin yaradıcı potensialını ortaya çıxarmaq, real sənaye problemlərinə innovativ yanaşmaları müəyyən etmək baxımından böyük imkanlar açdığını vurğulayıblar. Həmçinin SOCAR-ın innovasiya strategiyası və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib, “SOCAR Hackathon 2025”də iştirak edən komandalara uğurlar arzulanıb.
İki gün davam edən “SOCAR Hackathon 2025” tədbirində komandalar “süni intellekt mühəndisliyi” və “məlumat mühəndisliyi” istiqamətlərində yarışıblar.
İştirakçılar əvvəlcə “Microsoft” şirkətinin “data və süni intellekt xidmətləri” mövzusunda təqdimatını dinləyib, yarışın məqsədləri, qiymətləndirmə meyarları və texniki imkanları ilə tanış olublar. Daha sonra komandalar ideya mərhələsinə keçərək mentorların dəstəyi ilə problemlərə innovativ yanaşmalar üzərində çalışıblar.
“Hackathon”un ikinci günü komandalar layihələrini tamamlayaraq münsiflər heyətinə təqdim ediblər.
Münsiflərin müzakirəsindən sonra qaliblər elan edilib. “Süni intellekt mühəndisliyi” istiqaməti üzrə “Neon Tech” birinci, “Triangle” ikinci, “BitByte” komandası isə üçüncü yerə, “məlumat mühəndisliyi” istiqaməti üzrə isə “VSG” birinci, “NoWay” ikinci, “Osmos” komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qaliblərin mükafatlandırılması mərasimi olub.
16:57 17.12.2025
Oxunuş sayı: 1235