BP "Bakı-Supsa" və BTC-də operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyəyə verilməsi ilə bağlı danışıqlar aparır
BP şirkəti, "Bakı-Supsa" və "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəmərlərində operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq dövlət qurumlarına verilməsi ilə bağlı danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə "BP Azerbaijan" şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, boru kəmərlərinin idarə olunmasına dair müvafiq razılaşmalara əsasən, ixrac neft və qaz kəmərlərində operatorluq əvvəlcədən müəyyən olunub və bu funksiya həmin razılaşmalarda daha əvvəl razılaşdırılmış müddətlərdə aidiyyəti hökumətə və ya dövlət qurumlarına təhvil verilir.
"Bu razılaşmalara əsasən, 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib. Eyni razılaşmalara uyğun olaraq, Qərb ixrac boru kəməri (Bakı–Supsa) və Bakı–Tbilisi–Ceyhan boru kəmərinin operatorluğunun da Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq qurumlarına əvvəlcədən razılaşdırılmış müddətlərdə verilməsi nəzərdə tutulur", - BP-dən bildirilib.

Qeyd olunub ki, hazırda BP şirkəti bu istiqamətdə tələb olunan işlərin vaxtında planlaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə müzakirələr aparır.
Gürcüstan KİV-lərinin ölkədəki BP nümayəndəliyinə istinadən yazdığı məlumatlara görə, müvafiq razılaşmalar imzalandığı təqdirdə operatorluğun təhvil verilməsi prosesinin 2026-cı ilin ilk yarısının sonuna qədər başa çatdırılması planlaşdırılır.
Operatorluq funksiyalarının təhvil verilməsi Səngəçal terminalına şamil olunmur. Şirkət həmçinin "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları blokunun, eləcə də BTC kəmərinin (BP-nin payı 30,1 % təşkil edir) operatoru olaraq qalacaq.
Bakı-Tbilisi-Ceyhan boru kəməri 13 iyul 2006-cı ildə istifadəyə verilib və ümumi uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan, 249 km Gürcüstan, 1 076 km isə Türkiyə ərazisindən keçir. Hazırda BTC vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarının nefti, "Şahdəniz" kondensatı, SOCAR xammalı, həmçinin Qazaxıstan və Türkmənistan nefti nəql olunur.
BTC Co. şirkətinin səhmdarları bunlardır: BP (30,1 %), SOCAR (32,97 %), MOL (8,9 %), TPAO (6,53 %), Eni (5 %), "TotalEnergie" (5 %), "Itochu" (3,4 %), "Inpex" (2,5 %), "ExxonMobil" (2,5%) və ONGC (BTC) Limited (3,1 %).
"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur və 1999-cu ilin aprelində istismara verilib. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb və hazırda Azərbaycan neftinin bütün həcmi BTC kəməri ilə ixrac olunur.(Report)
21:03 05.12.2025
Oxunuş sayı: 1544