"Özbəkneftqaz" SOCAR-la innovasiyalar və rəqəmsal transformasiya sahəsində yeni layihələr formalaşdırır
"Özbəkneftqaz" SC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəqəmsallaşdırma və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə danışıqlar keçiriblər.
Bu barədə Crossmedia.az "Özbəkneftqaz"a istinadən xəbər verir.
"Özbəkneftqaz" nümayəndə heyətinin Bakıya səfəri zamanı SOCAR-ın baş ofisində Özbəkistan şirkətinin 2030-cu ilə qədər rəqəmsallaşdırma strategiyası, yeni IT-arxitektura, informasiya təhlükəsizliyi və əməkdaşlığın perspektivli istiqamətləri üzrə müzakirələr aparılıb.
Özbəkistan nümayəndə heyəti, həmçinin SOCAR-ın rəqəmsal transformasiya, süni intellekt (AI), avtomatlaşdırma və korporativ idarəetmə sahəsindəki qabaqcıl təcrübəsi ilə tanış olub. "Özbəkneftqaz" nümayəndələri, həmçinin "Caspian Innovation Center", "SOCAR Carbamide" zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu ziyarət ediblər.
"SOCAR mütəxəssisləri özbəkistanlı həmkarlarına sənaye robotexnikası, dronların tətbiqi ilə avtomatlaşdırılmış monitorinq, süni intellektin istifadəsi ilə proseslərin optimallaşdırılması, seysmik məlumatların təhlili, enerji resurslarının intellektual idarəetmə sistemləri və ERP-həllərinin tətbiqi barədə ətraflı təqdimatlar təqdim ediblər", - məlumatda bildirilib.
Bundan əlavə, "Özbəkneftqaz" nümayəndə heyəti SOCAR-ın icra intizamı, sənəd dövriyyəsi, real vaxt rejimində analitik panellər, AI inteqrasiyası, habelə kibertəhlükəsizlik üzrə infrastruktur - "Security Operations Center", "Security Engineering" və "Security Compliance" daxil olmaqla korporativ idarəetmə sistemi ilə tanış olub.
"Səfər şirkətlər arasında təcrübə mübadiləsində, innovasiyalar və rəqəmsal transformasiya sahəsində yeni birgə layihələrin formalaşmasında vacib mərhələ olub", - məlumatda bildirilib.
18:11 25.11.2025
Oxunuş sayı: 900