"Uzbekneftegaz" və SOCAR süni intellekt və rəqəmsal sistemlər sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib

"Uzbekneftegaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) süni intellekt alətlərinin, rəqəmsal həllərin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi sahəsində əməkdaşlıqla bağlı razılıq əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Uzbekneftegaz"ın mətbuat xidməti məlumat yayıb.
"Uzbekneftegaz" şirkətinin nümayəndə heyəti "Türkmənistanın nefti və qazı - 2025" (OGT-2025) adlı beynəlxalq sərgi və konfransda iştirak edib. OGT-2025 çərçivəsində "Uzbekneftegaz"ın İdarə Heyətinin sədri ilə SOCAR prezidenti arasında görüş keçirilib. Danışıqlar konstruktiv və işgüzar mühitdə keçib, tərəflər şirkətlər arasında tərəfdaşlığın yüksək səviyyəsini təsdiqləyiblər", - bəyanatda deyilir.
Tərəflər Üstyurt regionunda geoloji kəşfiyyat işlərinin aparılması üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin həyata keçirilməsini müzakirə edib, seysmik kəşfiyyat işlərinin başlanmasının sürətləndirilməsinə xüsusi diqqət ayırıblar. Görüşün sonunda çöl işlərinin sürətləndirilməsi, zəruri texniki və logistik resursların təmin edilməsi, həmçinin layihənin cari mərhələsinin səmərəliliyinin artırılması üçün kompleks tədbirlər barədə razılıq əldə olunub.
Bundan başqa, tərəflər istehsalın səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması və ekoloji dayanıqlığın təmin edilməsi üçün süni intellekt alətlərinin, rəqəmsal həllərin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərini razılaşdırıblar.
18:40 22.10.2025
Oxunuş sayı: 948