NUFA3 şəhərlərin davamlı inkişafı üçün beynəlxalq əməkdaşlığa çağırır

III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) iştirakçıları regional və beynəlxalq tərəfdaşları regional əməkdaşlığın inkişafını və dayanıqlı şəhərsalma sahəsində birgə təşəbbüsləri daha fəal şəkildə dəstəkləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə forumun yekununa dair qəbul edilmiş fəaliyyət planında bildirilib.
Sənəd tədbir iştirakçılarının adından Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva tərəfindən səsləndirilib.
Fəaliyyət planında vurğulanıb ki, iqlimə davamlılığı şəhər planlaşdırılmasına və investisiya qərarlarına inteqrasiya etmək üçün sağlam, təhlükəsiz və yaşayış üçün əlverişli şəhərlər yaratmaq lazımdır.
"Buna hava keyfiyyətinin yaxşılaşdırılması, "yaşıl" və "mavi" şəbəkələrin genişləndirilməsi, milli şəhər siyasətinin hazırlanmasının sürətləndirilməsi, yerli potensialın gücləndirilməsi vasitəsilə nail olmaq olar. Bununla yanaşı, heç bir insan və heç bir ərazinin diqqətdən kənarda qalmaması vacibdir", - sənəddə qeyd olunur.
Forum iştirakçıları beynəlxalq tərəfdaşları davamlı və sağlam şəhər inkişafı sahəsində bilik mübadiləsini və birgə fəaliyyəti dəstəkləməyə, xüsusilə iqlimə uyğun tikinti, bərpa olunan enerji və davamlı mobillik kimi sahələrdə texnologiya və innovasiyaların ötürülməsinə kömək etməyə çağırıb.
Sənəddə xüsusi diqqət yardım və inkişaf maliyyələşdirmə mexanizmlərinin uyğunlaşdırılmasına, həmçinin səhiyyə, mənzil tikintisi, eləcə də iqlim məqsədlərinin şəhər siyasəti və investisiya çərçivələrinə inteqrasiyası üçün tərəfdaşlıqların gücləndirilməsinə yönəldilib.
"Biz bütün iştirakçıları III Azərbaycan Milli Şəhərsalma Forumunun nəticələrinin Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq kontekstində həyata keçirilməsinə yardım etməyə çağırırıq. Bununla yanaşı, iqlim dəyişikliyinə davamlılıq və şəhərlərin sağlam gələcəyi haqqında qlobal dialoqa töhfə verməyə dəvət edirik", - fəaliyyət planında qeyd olunub.
Sənəddə, həmçinin Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədinin 11-ci maddəsinin - "Dayanıqlı şəhərlər və yaşayış məntəqələri" - reallaşdırılması üçün dövlət qurumları, bələdiyyələr, akademik qurumların və vətəndaş cəmiyyəti arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanır.
18:45 17.10.2025
Oxunuş sayı: 1131