Füzulidən başlayan Zəfər yolu

Azərbaycan tarixində unudulmaz və qürurverici səhifələrdən biri 17 oktyabrdır. Bu gün işğaldan azad edilmiş Füzuli şəhərinin günüdür. Füzuli təkcə bir coğrafi məkan deyil, Vətən müharibəsində qələbəyə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun igidliyinin və xalqımızın sarsılmaz iradəsinin simvoludur.
Qarabağın cənub-şərqində, Araz çayına qədər uzanan Füzuli rayonu 1386 kvadratkilometr ərazini əhatə edir. Bu torpaqdan axan Quruçay, Köndələnçay və Çərəkən çayları bölgənin təbii gözəlliyinə həyat verir. Əsası 1827-ci ildə qoyulan şəhər 1930-cu ildə Qaryagin adı ilə rayon statusu almış, 1959-cu ildən isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşımağa başlamışdır. Tarixən mədəniyyət beşiyi sayılan Füzuli XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, XIV əsrin Mirəli türbəsi, qədim qəbiristanlıqları və XIX əsrdən qalan Cəlil türbəsi ilə tanınıb. Təəssüf ki, işğal illərində bu zəngin irs məhv edilərək ciddi ziyan görmüşdür.
1993-cü ilin avqustunda Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu faciə yüzlərlə şəhid, yaralı və itkinlə nəticələndi. Minlərlə sakin doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Lakin 2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusu Füzulini azad edərək tarix yazdı. Bu döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda ən şərəfli səhifələrindən biri oldu. Dünyanın hərbi ekspertlərinin uzun aylar çəkəcəyini düşündüyü əməliyyat Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində bir neçə günə başa çatdı. Bu zəfər ölkəmizin hərb tarixində dönüş nöqtəsi oldu. Qəhrəmanlıq göstərən on minlərlə hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur. Bu qərar təkcə rəmzi əhəmiyyət daşımır, həm də şəhərin yenidən dirçəlişinin başlanğıcı sayılır. İşğaldan azad olunduqdan sonra Füzuli ən çox minalanmış ərazilərdən biri kimi müəyyən edilib. Buna baxmayaraq, Azərbaycan dövləti genişmiqyaslı mina təmizləmə, bərpa və qiymətləndirmə işləri həyata keçirir.
“Böyük Qayıdış” proqramı çərçivəsində yaxın illərdə on minlərlə füzulilinin doğma yurduna dönməsi planlaşdırılır. Hazırda rayon ərazisində məktəblər, xəstəxanalar, yaşayış binaları, yollar və kommunikasiya xətləri inşa olunur. Füzuli həm də qardaş ölkələrin birliyini əks etdirən nümunəyə çevrilib. Özbəkistanın inşa etdiyi məktəb və Qazaxıstanın hədiyyə etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi türk dünyasının həmrəyliyini simvolizə edir.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Füzuliyə səfərləri şəhərin inkişaf istiqamətlərini müəyyənləşdirib. Zəfər yolunun salınması, Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Ağıllı kənd” layihəsinin icrası, müasir təhsil və səhiyyə müəssisələrinin tikintisi Füzulinin yeni simasını formalaşdırır. Xarici dövlət başçılarının iştirakı ilə keçirilən açılış mərasimləri isə bu şəhərin beynəlxalq əhəmiyyətini artırır.
17 oktyabr – “Füzuli şəhəri günü” xalqımız üçün qürur, birlik və inam rəmzidir. Bu gün biz torpaqlarımız uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini dərin hörmətlə anır, eyni zamanda yenidən dirçələn, müasir Füzulinin timsalında qalib Azərbaycanın yüksəlişini böyük fəxrlə izləyirik.
YAP Yasamal rayon təşkilatının fəal üzvü
18:30 16.10.2025
Oxunuş sayı: 3404