TDT-nin Qəbələdə keçirilən Zirvə Görüşü Türk dünyasının qlobal gücə çevrilməsinin göstəricisidir - ŞƏRH

Əsrlər boyu türk xalqları arasında möhkəm qardaşlıq telləri, ortaq tarix və mədəni dəyərlər olub. Bu gün bu qardaşlıq telləri və dəyərlər yeni mərhələyə qədəm qoyur. Bir zamanlar xəyal kimi görünən “Böyük Türk Birliyi” ideyası artıq real siyasi və iqtisadi formata çevrilir. Bu prosesin mərkəzində isə Azərbaycan dayanır. Azərbaycan bu gün həm coğrafi mövqeyi, həm də siyasi iradəsi ilə Türk dünyasının birləşdirici sütununa çevrilib. Məhz bu səbəbdən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşünün Qəbələdə keçirilməsi təsadüfi deyil. Bu görüş təkcə siyasi hadisə deyil, həm də tarixi məna daşıyan bir mesajdır – Türk dünyası güclənir, birləşir və qlobal səhnədə öz sözünü deməyə hazırlaşır.
Crossmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
O deyib ki, Azərbaycan növbəti möhtəşəm tədbirə – TDT-nin 12-ci Zirvə Görüşünə ev sahibliyini çox uğurla gerçəkləşdirib. “Regional sülh və təhlükəsizlik” mövzusunda Qəbələdə keçirilən tədbir Türk dünyasının birliyi istiqamətində Azərbaycanın verdiyi daha bir töhfədir. TDT-nin hazırkı statusu onu adi əməkdaşlıq platformasından güc mərkəzi kimi formalaşan təşkilata çevirib. Təşkilatın üzvü olan türk dövlətləri gücləndikcə, inkişaf etdikcə TDT-nin də regional və qlobal miqyasda təsir imkanları genişlənir, geosiyasi güc mərkəzinə çevrilir. Azərbaycanın, Prezident İlham Əliyevin bu proseslərdəki rolu isə danılmazdır.
TDT-yə üzv dövlətlərin potensialından danışaraq təşkilatın hazırda möhkəmlənən güc olduğunu vurğulayan siyasi şərhçi əlavə edib: ”Üzv dövlətlərin coğrafi mövqeyi, geostrateji əhəmiyyəti, təbii resursları, nəqliyyat-logistika imkanları, iqtisadi, hərbi-texniki imkanları təşkilatın güclənməsinə və dünyada təsir əhəmiyyətinin artmasına aparan mühüm amillərdəndir. Türk dövlətlərinin başçıları bu prosesin genişlənməsi üçün mühüm işlər görürlər. Quruma üzv olan dövlətlərin başçılarının ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi toplantılarının keçirilməsi təşkilatlanmaya təsir edən mühüm amillərdəndir. Bu toplantılar zamanı aparılan müzakirələr, qəbul olunan qərarlar təşkilatın gələcək fəaliyyətinin təşkilində mühüm amilə çevrilir”.
Mübariz Göyüşlü, həmçinin bildirib ki, hazırda dünya narahat bir dövrünü yaşayır. Dünyanın müxtəlif bölgələrində gedən müharibələr sülh və təhlükəsizlik məsələlərinin nə qədər önəmli amil olduğunu bir daha ortaya qoyur. Bu baxımdan, sülh və təhlükəsizlik türk dövlətləri üçün də inkişaf məsələsində mühüm amildir. “Məhz bu məqamdan çıxış edən türk dövlətlərinin başçıları Qəbələdəki Zirvə Görüşünü bu başlıq altında təşkil etməklə, regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına verdikləri diqqəti göstərirlər. Vahid bir güc kimi çıxış etmək imkanı olan TDT-nin bu proseslərə fəal şəkildə qoşulması dünyaya barış və harmoniya gətirə bilər. Çünki dünyada sülh və təhlükəsizlik məsələlərinə məsul olan dövlətlər, təşkilatlar bu missiyanın yerinə yetirilməsinə kifayət qədər məsuliyyətlə yanaşmırlar. Bütün bu amilləri əsas götürərək TDT üzvü olan ölkələr hərbi-texniki sahədə əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər. Bu ölkələr arasında ikitərəfli, bəzi məqamlarda üçtərəfli əməkdaşlıqlar mövcuddur. Amma artıq zamanıdır ki, TDT çərçivəsində hərbi-texniki əməkdaşlıq qurulsun, hərbi təlimlər keçirilsin və gələcəkdə hərbi birlik yaradılsın. Prezident İlham Əliyev bununla bağlı təklif irəli sürüb və hərbi təlimlərin birincisinin 2026-cı ildə məhz Azərbaycanda keçirilməsinin mümkünlüyünü bildirib. Bu, çox vacib məsələdir. Türk dövlətlərinin siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə münasibətləri elə bir həddə çatıb ki, bu əməkdaşlığı hərbi müstəviyə keçirmək mümkündür. Hazırda gərginliklərlə dolu olan bir dünyada hərbi əməkdaşlıq imkanlarını gerçəkləşdirmədən, bu mühüm istiqamətdə ciddi addımlar atmadan real gücə çevrilmək çox çətin ola bilər. Artıq bu reallıq türk dövlətlərinin başçıları tərəfindən dəyərləndirilməkdə və TDT-nin hərbi birlik formatının yaradılması üçün mesajları gündəmə gətirməkdədir”, - deyə siyasi şərhçi vurğulayıb.
O qeyd edib ki, TDT üzvləri iqtisadi baxımdan da əməkdaşlıq imkanlarını genişləndirməkdədir. Azərbaycanın Türkiyəyə yatırdığı 20 milyard Amerika Birləşmiş Ştatları dollarından çox vəsait digər dövlətlər üçün də nümunə ola bilər. Türk dövlətlərinin bir-birinə qarşılıqlı olaraq sərmayə yatırması iqtisadi əlaqələri, əməkdaşlıq perspektivlərini genişləndirəcək. İqtisadi əlaqələr digər sahələrdəki münasibətlərin inkişafına da çox böyük təkan verəcək. Bütün bu toplantılar, aparılan müzakirələr, qəbul edilən qərarlar, türk dövlətlərinin başçıları arasındakı münasibətlərin hazırkı səviyyəsi Türk dünyasının gələcəyinə ümidlə baxmağı mümkün edir. Bir zamanlar xəyal etdiyimiz məqamlar artıq gerçək olur. Nəinki Türk dünyasının sıx işbirliyini müşahidə edirik, hətta qardaş ölkələr Azərbaycana Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək göstərirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Macar qardaşlarımız Cəbrayılda məktəb tikirlər. Oktyabrın 7-də Füzuli rayonunda isə türkmən qardaşlarımız məscidin təməlini atdılar. Türkiyə şirkətlərinin apardıqları çoxsaylı tikintilər də hər birimizə bəllidir. Artıq Türk dünyası bir ailə kimi birləşərək ortaq tarixdən güc alaraq gələcəyə inamla addımlayır. Bu inamlı addımlar TDT-ni qlobal gücə, təsir əhəmiyyətli aktora çevirməkdədir.
17:08 08.10.2025
Oxunuş sayı: 809