Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı AÇIQLANIB

Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin
hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını
pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ
keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan,
Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon
Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə
prosesinin baxış iclası sentyabrın 29-da davam etdirilib.
Crossmedia.az xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova)
keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri
dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi,
onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə
edən prokurorlar iştirak ediblər.
Məhkəmə
prosesi oktyabrın 2-də davam etdiriləcək.
Qeyd edək
ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati,
Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki,
Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan
Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham
edilir.
Həmin
şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan
Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David
Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik
Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq
müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı),
105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya
məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112
(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114
(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
21:26 29.09.2025
Oxunuş sayı: 698