Ölkədə boşanma halları artır: Aliment məbləği uşaqların xərclərini qarşılamır

Azərbaycanda boşanma halları artmaqda davam edir. Rəqəmlər göstərir ki, hər iki ailədən biri müxtəlif səbəblərdən dağılır. Mütəxəssislərin fikrincə, bu prosesin kökündə əsasən sosial-iqtisadi problemlər, ailədaxili anlaşılmazlıqlar və məsuliyyət yükünün paylaşılmaması dayanır.
Sözügedən tendensiya barədə Crossmedia.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, alimentin məbləği yaşayış minimumu ilə müəyyənləşir və hazırda 240 manat təşkil edir.
Onun sözlərinə görə, bu məbləğ uşağın təhsil və gündəlik yaşayış xərcləri üçün kifayət etmir: "Bunu formalaşdırmaq üçün yaşayış minimumuna yenidən baxılmalıdır. Nəqliyyatda gediş haqqından tutmuş kommunal xidmətlərə qədər hər şeyin qiyməti bahalaşır. 240 manat bir uşağın normal yaşayışı üçün kifayət etmir. Bundan artıq məbləğin tutulması isə mümkün deyil, çünki orta və minimum maaş çox aşağıdır. Əgər 500-600 manat maaş alınırsa, 285 manatına toxunmaq olmur, qalan hissədən isə aliment düz gəlir və ya gəlmir".
E.Bayramlının sözlərinə görə, problemin əsas səbəblərindən biri də aliment ödəyən şəxslərin ya işsiz, ya da aşağı maaşlı işlərdə çalışmasıdır: "Bu halda belə, ödənilən 240 manat uşağın ehtiyaclarını qarşılamaq üçün yetərli olmur. Bu məsələyə yenidən baxılmalıdır. Dövlət müəyyən güzəştlər və sosial yardımlar vasitəsilə çatışmayan məbləği kompensasiya edə bilər. Məsələn, nəqliyyatda və təhsil xərclərində bəzi ölkələrdə olduğu kimi güzəştlər tətbiq edilə bilər. Bununla bağlı xüsusi komissiya yaradılmalı və mövcud məbləğin kifayət etmədiyi hallarda uşaqların normal yaşayışını təmin edəcək alternativ mexanizmlər hazırlanmalıdır".
Fatimə Məmmədova
15:41 29.09.2025
Oxunuş sayı: 1963