III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının
təşkili və keçirilməsi məqsədilə ölkənin müxtəlif şəhərlərində hazırlıq işləri
davam etdirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Crossmedia.az-a verilən
məlumata görə oyunların keçiriləcəyi əsas məkanlardan biri olan
Mingəçevir şəhərində infrastruktur layihələrinin icrası və xidmət sahələrinin
mövcud vəziyyətinin qiymətləndirilməsi diqqət mərkəzindədir.
28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində baş
tutacaq oyunlarla bağlı görülən tədbirlər çərçivəsində Mingəçevir şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinə yerində baxış keçirilib. İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiyanın üzvləri və sukanal
idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Mingəçevir
şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin istismar vəziyyəti, nasos
stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin mövcud
durumu təhlil olunub.
Komissiya üzvləri əvvəlcə Mingəçevir Sukanal
İdarəsində texnika və avadanlıqların vəziyyəti ilə yaxından tanış olublar. İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətin İdarə Heyətinin sədr müavini,
komissiyanın sədri Cavid İsmayılzadə Mingəçevir şəhərinin əhalisi ilə yanaşı,
MDB Oyunları çərçivəsində şəhərə gələcək idmançılar, qonaqlar və texniki
heyətin su təminatının fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün
görüləcək işlər barədə tapşırıqlarını verib, yarışlar zamanı daha çevik və
məsuliyyətli davranmağı tövsiyə edib. Oyunların keçiriləcəyi günlərdə işçilərin
hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, sukanal idarəsinin gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcəyi qeyd olunub.
Sonra komissiya üzvləri Mingəçevir şəhər Sutəmizləyici
Qurğular Kompleksinin vəziyyəti ilə tanış olublar. Yarışlar zamanı
sutəmizləyici qurğuların, ehtiyat generatorların, nasos və avadanlıqların saz
vəziyyətdə olması və hər hansı bir problemin yaranmaması üçün qabaqlayıcı
təbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.
Komissiya üzvləri “Kür” Olimpiya Tədris-İdman
Mərkəzinin su təchizatı sisteminə baxış keçirən zaman mərkəzin daxili su
şəbəkəsi, anbar tutumları, nasos sistemləri və sanitar texniki qurğular da
yoxlanılıb. Bundan əlavə, yarış və təlim məkanlarının yerləşdiyi ərazilərdə
tullantı sularının idarəolunması sistemi də araşdırılıb.
Yarışların keçiriləcəyi və iştirakçılar üçün mühüm
əhəmiyyət kəsb edən bəzi küçə və prospektlərdə kanalizasiya quyuları, yağış
barmaqlıqları, həmçinin yağış sularının axıdılması sistemləri də yoxlanılıb.
Komissiya üzvləri Mingəçevir şəhərində yerləşən
Kanalizasiya Nasos Stansiyasında da olublar. Stansiyanın texniki hazırlıq
səviyyəsi, nasosların iş rejimi, enerji təminatı və qəza halları zamanı
operativ müdaxilə imkanları ətraflı təhlil olunub. Stansiyanın fasiləsiz
işləməsi üçün mövcud imkanlar nəzərdən keçirilib və əlavə tədbirlərin görülməsi
ilə bağlı müvafiq göstərişlər verilib.
21:50 26.09.2025
Oxunuş sayı: 833