Qayıdan torpaqlar,qayıtmayan oğullar

27
sentyabr tarixi xalqımızın yaddaşından, o cümlədən də hərb tariximizdən heç bir
zaman silinməyəcək. Çünki, məhz həmin gün 32 ildən bəri davam edən
Ermənistan-Azərbaycan münaqişəsinin həllində
yeni mərhələnin başlanğıcı oldu.
İşğalçılıq və təcavüzkarlıq siyasətini
davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın quldur silahlı
birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə,
təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən
gerçəkləşdirməyə cəhd etdi, lakin Müzəffər Ali baş komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut
etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Nəticə etibarilə 44 günlük
müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş komandanın qətiyyəti ermənilərin və
havadarlarının bölgədəki siyasətinin
iflası ilə nəticələndi. Bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Azərbaycan
qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən
sonra Vətən müharibəsinin başladığı günü Anım Günü kimi qeyd etmək barədə 2020-ci
il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında
Sərəncam imzaladı.
Milli
təqvimimizdə əbədi anlam qazanan 27 sentyabr 2020-ci il Vətən torpaqlarının
azad edilməsi uğrunda həlak olmuş cəmi şəhidlərimizin Anım Günü kimi qeyd olunur.
Şanlı
tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və
yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Neçə-neçə igid oğullar
torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.
Torpaq, vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları
bu gün xatırlamaq mənəvi borcumuzdur.
Hər bir şəhid
ömrü bir tarixdir. Vətən müharibəsində
Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən
artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz
yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman
şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına
azad olunmuşdur.
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində
yüksək vətənpərvərlik, cəsurluq vardır. Elə buna görə də onlar şüurlu şəkildə
ölümü gözə ala bilib, şəhid olurlar.
Belə
şəhidlərdən biri də əsgər Abbasov Ruslan Hikmət oğlu idi. Onun çoxlu arzuları
var idi. Qisməti şəhidlik oldu..
O,
2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində dünyaya gəlmişdi. Ruslan orta
təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228
saylı tam orta məktəbdə alandan sonra ailəsinə maddi kömək göstərmək məqsədi
ilə müxtəlif işlərdə çalışmışdı. 2019-cu ilin aprel ayında müddətli həqiqi
hərbi xidmətə çağırılmışdı. Ağcabədi rayonunda “N” saylı hərbi hissədə 3 ay
xidmət edəndən sonra Beyləqan ərazisindəki hərbi hissəyə göndərilmişdi. 27
sentyabr 2020-ci ildə quldur erməni silahlı birləşmələrinin növbəti təxribatına
cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə xətti boyunca əks-hücum əməliyyatına
başlayanda Ruslanın xidmət etdiyi tabor düşmənin strateji postlarını
bir-birinin ardınca ələ keçirməyə nail olmuşdur. Döyüş meydanında şücaət
göstərən Ruslan Abbasov 14 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azadlığı
uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 16 oktyabrda Qaradağ rayonunun
Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ölümündən
sonra əsgər Ruslan Abbasov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”
medalları ilə təltif edilmişdir. Belə
şəhidlərdən biri də baş gizir Abbasov İntiqam Yavər oğlu idi. O, 1978-ci il sentyabrın
21-də Masallı rayonunun Köçəkli kəndində anadan olmuşdur. 1985-1996-cı illərdə
Sərhəddin Rəhimov adına Köçəkli kənd tam orta məktəbində təhsil almış, 1996-cı
ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən sonra birillik gizir
hazırlığı kursu keçərək müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam
etdirmişdir. 6 il Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə gizir
rütbəsində tank komandiri kimi vəzifə borcunu yerinə yetirmişdir. 2006-cı ildən
İntiqam xidmətini Pereküşkül hərbi şəhərciyində davam etdirmişdir. O, 2016-cı
ildə Aprel döyüşlərində şücaət göstərmişdi. Azərbaycan Silahlı Qüvvələrinin baş
giziri kimi yaxasını “Qüsursuz xidmətə görə” III, II və I dərəcəli medallar
bəzəyirdi... İntiqam 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin
azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda
başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın 7 kəndinin azad
edilməsində şücaət göstərmişdir. Sentyabrın 29-da cəsur gizir Füzulidə strateji
yüksəkliklərdən birinin geri alınması zamanı aldığı qəlpə yarasından şəhid
olmuşdur. Masallı rayonunun Köçəkli kəndində dəfn olunmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İntiqam Abbasov ölümündən
sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə
görə” medalları ilə təltif edilmişdir.
2020-ci
ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev xalqımıza müraciət
edərək 44 gün davam edən Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatının
uğurla başa çatdığını və uzun illər həsrətində olduğumuz şanlı qələbəmizin
müjdəsini verdi. Təəssüflər olsun ki, müharibələr itkisiz olmur, Vətən
torpaqlarının azadlığı da, müdafiəsi də qurbanlar tələb edir. Müharibədə
iştirak edənlər vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq
nümunəsi yaratdılar. Azərbaycanı sevən, dövlətimizin atributlarına hörmətlə yanaşan,
vətəni düşmən təcavüzündən qoruyan cəsur və vətənpərvər oğullar millətimizin
qürur mənbəyidir.
Dövlətimiz və xalqımız ana vətənimizin yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi dəyərləndirir və gənc nəslə nümunə kimi təqdim edir. Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, məzarları nurla dolsun deyirik.
Sevinc Muxtarova
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
“Qərbi Azərbaycan və Qarabağ əlyazmalaranın tədqiqi” şöbəsinin elmi işçisi
15:31 26.09.2025
Oxunuş sayı: 1545