Zelenski: Çinsiz Rusiya heç nədir

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş iclasında çıxış edib. O, Rusiyanın Çindən asılı olduğunu bildirərək Pekinin müharibəni dayandırmaq imkanına malik olduğunu, lakin bu istiqamətdə addım atmadığını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Zelenski 23 sentyabrda ABŞ-a səfəri çərçivəsində iştirak etdiyi iclasda belə deyib:
“Əgər Çin həqiqətən bu müharibəni dayandırmaq istəsəydi, Moskvanı işğalı dayandırmağa məcbur edə bilərdi. Çinsiz Putin Rusiyası – heç nədir. Ancaq Çin çox vaxt susur və sülh naminə aktiv addımlar atmaq əvəzinə kənarda qalır”.
Zelenskinin sözlərinə görə, ABŞ da Rusiyanı müharibəni bitirməyə sövq edə biləcək ölkələrdən biridir:
“Moskva Amerikadan qorxur və həmişə ona diqqət edir”, – deyə o, eyni gün ABŞ Prezidenti Donald Trampla görüşünü xatırladıb.
Ukrayna lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinin birbaşa sülh danışıqlarından yayınaraq müharibəni davam etdirdiyini bildirib:
“Bu insan Ukrayna və dünya ilə üz-üzə oturmaqdan qorxur və açıq şəkildə etiraf etmək istəmir ki, onun istədiyi yalnız müharibədir. Bunun əvəzinə isə, qanlı savaşı dayandırmaq istəməyən nümayəndələrini göndərir”.
Nihat Tahirov
10:41 24.09.2025
Oxunuş sayı: 2736