Venesiya festivalında Azərbaycan kinosunun möhtəşəm təqdimatı baş tutub


27 avqust – 6 sentyabr tarixlərində keçirilən 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub.
Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Crossmedia.az nazirliyə istinadən xəbər verir ki, filmin nümayişindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb. Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə”nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.
Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.
15:36 06.09.2025
Oxunuş sayı: 892