Rusiya dəhlizlə bağlı Vaşinqton görüşündən sonra deyəcəyini deyib -AÇIQLAMA

Avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi “Tramp Marşrutu” layihəsinin detalları ilə tanış olmaq niyyətindədir. Son günlərdə Moskva Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaya narazılığını nümayiş etdirərək, təxribat xarakterli siyasət yürüdür. Lakin bu mexanizmin nəticə verməməsi, əksinə, Azərbaycan və Ermənistanın Rusiyasız razılaşma əldə etməsi Kreml üçün ciddi siqnal sayıla bilər. Bu da Rusiyanı qıcıqlandırır. Çünki bu prosesdə Rusiya nə təsir imkanlarını qoruyub saxlaya, nə də gözlədiyi siyasi dividendləri əldə edə bildi. Rəsmi açıqlamalardakı üslub isə Moskvanın dəhlizin gələcəyi ilə bağlı atacağı addımlar və mümkün təxribatlar barədə xəbərdarlıq xarakteri daşıyır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib: “Rusiya Zəngəzur dəhlizi ilə bağlı deyəcəyini deyib. İndiyə qədər Rusiya həm diplomatları, həm də Xarici İşlər Nazirliyinin bəyanatları ilə öz mövqeyini aydın şəkildə ifadə edib. Rusiyanın indiyə qədər olan aqressiv reaksiyaları da aydın şəkildə göstərdi ki, o, Vaşinqtonda əldə olunmuş razılaşmalardan qəti şəkildə narazıdır. Rusiyanın əsas narazılığı Azərbaycan-Ermənistan normallaşma prosesindən Rusiyanın tamamilə uzaqlaşdırılmasıdır. Azərbaycan Ermənistan münasibətlərinin normallaşması ABŞ vasitəçiliyi ilə başlayıb. Hansı ki, bu Rusiya üçün heç vaxt məqbul sayılmayıb. Rusiya Xarici İşlər Nazirliyi bəyannamə ilə Zəngəzur dəhlizində rus əsgərlərinin olduğunu və Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olmasını fakt kimi xatırladıb. Rusiya Vaşinqtonda razılaşmaların əldə olunmasına ümumi şəkildə bu fikri səsləndirir ki, bu addımı atanlar bölgənin digər dövlətlərinin prioritetlərini nəzərə alsınlar. Fikrimcə Rusiya XİN-ə məxsus olan bu cümlələr tam şəkildə ifadə edir ki, Rusiya bu prosesə təmamilə qarşıdır və əlində olan bütün imkanlarla bu məsələyə mane olacaq. Bu cümlələrin arxasında dayanan yeganə mətləb odur ki, Rusiya konkret şəraitdə nə kimi addımlar atacağını bilmir. “Biz onun detallarını öyrənəcəyik” cümləsinin ardında Rusiya gələcəkdə ata biləcəyi addımların təhlili ilə məşğuldur. Artıq “daş qayaya rast gəlib”. Zəngəzur dəhlizi ABŞ-nin himayəsi altındadır. Bunu həm Azərbaycan, həm də Ermənistan istəyir. İranın isə məsələyə mane olacaq gücü və potensialı yoxdur. Belə şəraitdə Rusiya Zəngəzur dəhlizinin açılması məsələsində çarəsizdir. Rusiya dəhlizlə bağlı Vaşinqton görüşündən sonra deyəcəyini deyib. Bundan sonra vəziyyətə Rusiyanın bəyanatları yox, ABŞ, Azərbaycan və Ermənistanın dəhlizlə bağlı yanaşmaları vacibdir”.
Ayhan
13:39 14.08.2025
Oxunuş sayı: 1241