Avropa İttifaqından Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün nəticələrini alqışlayır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən Brüsseldə şənbə gecəsi yayımlanan birgə bəyanatda bildirilib.
"Avropa İttifaqı həmçinin Ermənistan və Azərbaycan arasında sülh və ikitərəfli münasibətlərin qurulması barədə razılaşmanın imzalanmasını da alqışlayır," — deyə bəyanatda qeyd olunub.
Avropa İttifaqı institutlarının rəhbərlərinin qiymətləndirməsinə görə, Baş nazir Paşinyan və Prezident Əliyevin Ağ Evdə Prezident Trampın iştirakı ilə siyasi bəyannaməni imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Bu, hər iki ölkədə və bütövlükdə regionda möhkəm və davamlı sülhə aparan yolun açılması, eləcə də Aİ-nin uzun illər ərzində göstərdiyi səylərin zirvəsidir.
Onların sözlərinə görə, indi vacib olan razılaşdırılmış addımların vaxtında icrasını təmin etməkdir ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində dayanıqlı və fasiləsiz irəliləyiş əldə edilsin.
"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir və regionda əməkdaşlığa, tam şəffaflığa sərmayə qoymağa hazırdır. Bu, öncəliklə münaqişə mirası ilə bölünmüş əhali üçün faydalı olacaq və regionu dayanıqlı sülh, sabitlik və tərəqqiyə yaxınlaşdıracaq," — deyə Kosta və fon der Lyayen bəyan ediblər.
Pərvin Hacıyeva
12:50 09.08.2025
Oxunuş sayı: 2575