Pakistan səfiri Kəşmir xalqına göstərilən həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Kəşmir xalqına göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edirəm.
Crossmedia.az xəbər verir ki, bunu bu gün Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Cammu və Kəşmir xalqı ilə həmrəylik nişanəsi olaraq qeyd edilən İstehsal Günü (Youm-e-Istehsal) münasibətilə keçirilən tədbirdə bildirib.
“Azərbaycanın Kəşmir xalqı ilə həmrəyliyinə görə təşəkkür edirəm. Biz millət olaraq Azərbaycanla çox yaxınıq və Azərbaycanın öz torpaqlarını geri qaytarmağa nail olmasına səmimi qəlbdən sevinirik. Azərbaycan torpaqları otuz il ərzində qəddar erməni işğalı altında qalmışdı. Biz, Azərbaycana yaxın bir xalq olaraq, onun öz qanuni torpaqlarına müstəqil şəkildə nəzarəti bərpa etməsindən qürur duyuruq”, – deyə səfir bildirib.
Tədbirin gedişində səfir Pakistan baş naziri Şahbaz Şərifin yazılı müraciətini oxuyub.
“Biz bir daha beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Hindistanın qanunsuz addımlarını, eləcə də 2019-cu il avqustun 5-dən etibarən Hindistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, onun tərəfindən qanunsuz işğal olunmuş Cammu və Kəşmirin (IIOJK) demoqrafik tərkibini və siyasi strukturunu dəyişməyə yönəlmiş birtərəfli addımlarını qətiyyətlə pisləyir və rədd edirik”, – baş nazirin müraciətində deyilir.
Ş. Şərifin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir xalqının iradəsinə və istəklərinə hörmət göstərilməsi Cənubi Asiyada davamlı sülhün təmin olunmasının yeganə yoludur.
15:52 05.08.2025
Oxunuş sayı: 694