Əli Əsədov Xəzərdə suyun səviyyəsinin azalmasıyla əlaqədar sahilyanı dövlətlərə çağırış edib

Azərbaycan Baş naziri Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında sahilyanı dövlətləri Xəzərdə suyun səviyyəsinin azalması probleminin həlli üçün səylərini birləşdirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Əli Əsədov ən çox narahatlıq doğuran məsələ Xəzərdə suyun səviyyəsinin azalması olduğunu bildirib.
“Bu gün Xəzər sahilində toplaşdığımız üçün Xəzər dənizinin ekoloji problemlərini də qeyd etmək istərdim. Ən çox narahatlıq doğuran məsələ suyun səviyyəsinin azalmasıdır. Biz Xəzəryanı dövlətlərin üzləşdiyi bu ümumi problemin həlli üçün səylərimizi birləşdirməliyik. 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ekoloji problemə xüsusi diqqət ayırıb. Azərbaycan Prezidentinin təklifinə əsasən, Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və qarşısının alınması məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələri gücləndirmək, regionlarımızı inteqrasiya etmək və daha firavan dünya naminə tərəfdaşlığımızı inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etməliyik. Azərbaycan öz təcrübəsi, resursları və xoş niyyəti ilə bu işə töhfə verməyə hazırdır. BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransına müvəffəqiyyətlər və ölkələrimiz üçün uğurlu nəticələr əldə olunmasını arzulayıram”, - Baş nazir qeyd edib.
15:40 05.08.2025
Oxunuş sayı: 600