Vüqar Rəhimzadə: " Kərimov Əli tükənmişlik sindromu yaşayır"

"Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm qoyub. Qalib, güclü Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu aktora çevrilib"
Bu sözləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O, bildirib ki, bu gün geosiyasi nüfuzu artan Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında da əsas dövlətlərdən biridir: " Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Təkcə bir faktı xatırladaq ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşandı və Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlandı. Bu mühüm hadisə ölkəmizin enerji siyasətinin miqyasının, siyasi nüfuz və təsir imkanlarının nə qədər geniş olduğunun təsdiqidir".
"Amma təəssüf ki, hər zaman dövlətə, dövlətçiliyə və milli maraqlara qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP və onun sədri Kərimov Əli qələbəmizi, Zəfərimizi həzm edə bilmədiyi kimi yeniləşən, müasirləşən və inkişaf edən Azərbaycana qarşı fəaliyyətini də utanmadan davam etdirir. Anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirdiyini gizlətməyən Kərimov Əlinin sosial mediada səsləndirdiyi əsassız və absurd fikirlər daha çox “mən də varam” iddiası ilə gündəmə gəlməkdir. Xalqın dəstəyindən məhrum olduğundan yalan, böhtan, cəfəng iddialar səsləndirməklə gündəmə gəlməyə çalışan bu üzdəniraq hər fürsətdə ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, dövlətimizlə bağlı dezinformasiya yaymaqla məşğuldur. Acınacaqlı haldır ki, bu şəxs ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının ön sıralarında dayanmağı, yalan danışmağı, şər-böhtan atmağı adiləşdirərək özü üçün həyat normasına çevirib". - o əlavə edib.
16:30 04.08.2025
Oxunuş sayı: 1189