"Azərbaycan cəsur addımı ilə Suriya xalqının xeyli rəğbətini qazanmış oldu" - RƏY

Azərbaycan enerji ixracında strateji mövqeyini gücləndirməyə davam edir. Son dövrlərdə gündəmdə olan yeni istiqamətlərdən biri isə Suriyaya təbii qaz nəqlidir. Cənubi Qafqazdan Yaxın Şərqə uzanan bu enerji əməkdaşlığı, təkcə iqtisadi maraqlarla yox, həm də siyasi və geosiyasi faktorlarla müşayiət olunur. Azərbaycan qazının Suriyaya çatdırılması regionda yeni enerji dəhlizinin formalaşmasına və Azərbaycanın enerji diplomatiyasının coğrafi genişlənməsinə işarədir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanın bu istiqamətdə danışıqlarda verdiyi vədi var və bunu da yerinə yetirdi: "Bu, həm də Türkiyə–Azərbaycan–Suriya münasibətlərinin yaxşılaşmasına və inkişafına gətirib çıxaracaq. Eyni zamanda Yaxın Şərqdə sülh prosesinə töhfə verəcək, Azərbaycanın önəmini də artıracaq. Azərbaycan bu prosesdə həm diplomatik, həm də humanitar baxımdan mühüm bir jestə imza atıb. Çünki Suriya ilə heç də ilk başlanğıcda hamı eyni mövqedə olmur. Azərbaycan bəri başdan atdığı cəsur addımı ilə həm də Suriya xalqının xeyli rəğbətini qazanmış oldu.”
Parlamentarinin fikrincə, baş verən proseslər Azərbaycanın maraqları çərçivəsində inkişaf edir: “Ona görə də bu məsələdə, məncə, proseslər Azərbaycanın xeyrinə işləyən istiqamətdə gedir. Bu, həm də Türkiyənin mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Üstəlik, İsrail–Suriya danışıqlarında da irəliləyiş olarsa, bu, Azərbaycanın reytinqini daha da qaldıracaq. Beləliklə, Azərbaycan təkcə enerji ixracatçısı olaraq deyil, həm də bölgədə sülh və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi ön plana çıxır".
Mehriban Yariyeva
14:46 04.08.2025
Oxunuş sayı: 1090