Fitch Solutions: Azərbaycanın fiskal siyasəti 2027-ci ilədək iqtisadi artımı dəstəkləyəcək

"2025 və 2026-cı illərdə Azərbaycanın fiskal siyasəti iqtisadi artımı dəstəkləyəcək, eyni zamanda makroiqtisadi sabitlik qorunacaq".
Crossmedia.az xəbər verir ki, bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinin ölkə üzrə proqnozunda bildirilib.
Qeyd edilib ki, dövlət xərcləri xüsusilə infrastruktur və sosial xidmətlərə yönəlmiş investisiyalar vasitəsilə daxili tələbin stimullaşdırılmasında əsas rol oynayacaq.
Hesabata əsasən, ölkədə büdcə kəsiri hər iki il üzrə orta hesabla ÜDM-in 1,1%-i səviyyəsində olacaq. Qeyd olunur ki, 2021–2024-cü illərdə Azərbaycan ardıcıl dörd il büdcə profisiti qeydə alıb və gözlənilən kəsir neft gəlirlərinin azalması ilə bağlıdır.
Vurğulanıb ki, büdcə sabitliyinin təmin edilməsində Dövlət Neft Fondu mühüm rol oynayır.
"2025-ci il üçün fondun idarə etdiyi aktivlərin dəyəri 106,6 milyard manat və ya 62,7 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir ki, bu da ölkənin ÜDM-nin təxminən 62%-nə bərabərdir. Hökumət bu il fonddan 14,5 milyard manat vəsait transfer etməyi planlaşdırıb. Bu da büdcə gəlirlərini dəstəkləməyə yönəlib. Hazırda bu vəsaitlərin transferti dayanıqlı hesab olunur, çünki fond son 20 ildə ildə orta hesabla 3% artım nümayiş etdirib. Lakin risklər də var. Neft Fondu və bütövlükdə iqtisadiyyat qlobal enerji qiymətlərindən yüksək asılılıq daşıyır. Bu, kəskin qiymət şokları zamanı ölkəni risklərə məruz qoyur. Məsələn, 2015-ci ildə qlobal neft qiymətləri 50% düşdükdə, Mərkəzi Bank manatı 60% devalvasiya etmək məcburiyyətində qalmışdı. Bu, Azərbaycanın neft gəlirlərinə bağlı maliyyə sabitliyi riskini bir daha göstərir"- FS-nin açıqlamsında əlavə edilib.
15:28 01.08.2025
Oxunuş sayı: 1048