Deputat: "Çinlə səhiyyə sahəsində əməkdaşlıq ölkəmizin səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə töhfə verə bilər"

"Prezident İlham Əliyevin Çinə səfəri zamanı 20-ə yaxın sahədə əməkdaşlıq üzrə sənədlər imzalanmışdı. “Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdırıb".
Bu sözləri Azərbaycanla Çin arasında səhiyyə sahəsində əməkdaşlıq barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Çinlə səhiyyə sahəsində əməkdaşlıq ölkəmizin səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə töhfə verə bilər: "Bu çərçivədə Çindən yeni növ və sərfəli qiymətlərlə müasir növ, innovativ, rəqəmsal yeniliklərin, süni intellektli cihaz və avadanlıqların tətbiqi ilə səhiyyədə səmərəliliyin artırılmasına nail olmaq olar. Belə ki, bu cür rəqəmsal tibbi avadanlıqlar xəstəliklərin vaxtında, doğru diaqnozla aşkarlanmasını təmin etməklə yanaşı, həm işçi qüvvəsinə, həm də vaxta qənaət olubmasına kömək edir. Bu cür innovativ avadanlıqlarla dövlət və qeyri-dövlət tibb müəssisələrinin maddi-texniki bazası təkmilləşdirilə bilər. Beləliklə, ölkəmizdə sağlamlıq göstəricilərinin yaxşılaşmasına töhfə verilə bilər".
Parlamentari əlavə edib ki, tarixdə ilk dəfə Çində tətbiq olunmağa başlanan ilkin səhiyyə xidməti üzrə qabaqcıl təcrübəyə malik olan bu ölkənin səhiyyə sistemi ilə əməkdaşlıq ölkəmizdə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsinə töhfə verə olar: "Tibb mütəxəssislərinin təcrübə mübadiləsi, bilik və təcrübələrinin artırılması istiqamətində də fayda əldə edilə bilər".
Kənan Novruzov
12:18 01.08.2025
Oxunuş sayı: 10962