Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın
bu il iyulun 1-nə 17 milyard 177,4 milyon manat təşkil etmiş daxili dövlət
borcunun 8 milyard 26,8 milyon manatını dövriyyədə olan dövlət qiymətli
kağızları, 9 milyard 150,6 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət
zəmanətli öhdəlikləri təşkil edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata
görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i 2
və 3 illik, 30,1 %-i isə 5 il və daha artıq müddətli olub.
İyunun
sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93
il təşkil edib. Yarımil ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin
uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata
keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri
alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət
istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
10:04 01.08.2025
Oxunuş sayı: 941