Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb

Milli
Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament
Sədrlərinin VI Dünya Konfransında iştirak edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
məlumat yayıb. Məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin sədri, bu
konfransın parlament sədrlərinin təsirli və uğurlu dialoq platformasına
çevrildiyini və parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən
olunmasına kömək etdiyini bildirib. Spiker Sahibə Qafarova təəssüflə qeyd edib
ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb:
“Əvvəlki
konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə
yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və
onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər”. Sahibə
Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların
olmaması bu problemlərin daha da pisləşməsinə səbəb olur:
“Nəticədə
bugünkü dünya daha da parçalanıb, gərginliklər daha da artıb, tərəqqi isə daha
da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən
səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız
kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən
gələ biləcəyimiz anlayışından uzaqlaşırıq”.
Milli
Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki,
BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə
real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT
sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ
də davam edir.
Spiker
Sahibə Qafarova vurğulayıb ki, hər hansı islahat yalnız bəzi dövlətlərin deyil,
bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir:
“Beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd
edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər
altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail
olmaq mümkündür”.
Parlament
diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib
ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq
doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu Konfransda fəal
iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.
Milli
Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və
parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri
yüksək qiymətləndirib, bununla belə, daha çox işlərin görülməli olduğunu
bildirib. O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas
iştirakçılarından birinə çevrilməlidirlər. Çünki istənilən uğursuzluq, ilk növbədə
xalqlarımıza təsir göstərir:
“Onların
seçilmiş nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin yenilənməsində
birbaşa iştirak etməlidirlər. Bu, sistemi daha demokratik və həssas edəcək. Bu
prosesdə atıla biləcək praktiki addımlardan biri vətəndaşlarımızın ehtiyac və
maraqlarını daha yaxşı şəkildə əks etdirəcək islahatlarla bağlı parlamentlərarası
dialoqun başladılması ola bilər”.
Spiker
Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi
yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır: “Bunun kökündə insanlar
arasında etimad, inam və qarşılıqlı anlaşmanın yaradılması dayanır. Biz müxtəlifliyi
ayırıcı xətt kimi deyil, bizi daha da yaxınlaşdıran faktor kimi qəbul etməliyik.
Mədəniyyətlər arasında dialoqun təşviq olunması ümumi məqsədlərimizin həyata
keçirilməsində güclü rol oynayır”.
Milli
Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan
“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən mədəniyyətlərarası
dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.
Spiker
Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında keçirilən bu Forumun VI
sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası
Konfrans təşkil edilmişdir ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrdə
parlament perspektivini təmin etmişdir. Bunu nəzərə alaraq, Milli Məclisin sədri
mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə
və fəaliyyətinə daxil etməyi təklif edib.
21:20 29.07.2025
Oxunuş sayı: 1667