Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşüb


Milli
Məclisin sədri Sahibə Qafarova İsveçrəyə işgüzar səfəri çərçivəsində Cenevrə şəhərində
Braziliya Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.
Crossmedia.az
xəbər verir ki, görüşdə ölkələr arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli,
həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanların
mövcudluğu qeyd edilib.
2023-cü
ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün
tamam olduğu qeyd edilərək vurğulanıb ki, ölkələrimiz arasında mövcud olan yüksək
səviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlər var.
Söhbət
zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq
maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd
edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi
diqqətə çatdırılıb. Hər iki ölkənin parlament dostluq qrupları arasında sıx təmasların
mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, bu təmaslar
parlamentlər arasında əməkdaşlığın genişlənməsinə imkan verir. Keçirilən görüşlərin
və siyasi dialoqun parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə
xidmət etdiyi vurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgə
mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeyd edilib.
Görüşdə
COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, ötən il Azərbaycanın COP29-a
uğurla evsahibliyi etdiyi vurğulanıb. Qeyd olunub ki, bu mühüm qlobal tədbir çərçivəsində
ölkəmizə səfər etmiş Braziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının
qonaqpərvərliyindən, bu tədbirin ən yüksək səviyyədə təşkilindən məmnunluqlarını
bildiriblər. COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın birgə
təşkil etdiyi Parlament görüşünün uğurla baş tutduğu qeyd edilərək, Braziliyada
COP30 çərçivəsində keçiriləcək Parlament konfransının təşkili ilə bağlı təcrübə
mübadiləsi və əməkdaşlıq imkanları barədə də danışılıb.
17:56 29.07.2025
Oxunuş sayı: 1746