Sosial medianın ictimai rəyə təsiri: yeni dövrün kütləvi kommunikasiya aləti

Müasir dövrdə dünyada baş verən sürətli texnoloji inkişaflar informasiya cəmiyyətinə keçidi sürətləndirmiş, bu isə öz növbəsində kütləvi kommunikasiya vasitələrinin struktur və funksiyalarında əsaslı dəyişikliklərə səbəb olmuşdur. Xüsusilə XXI əsrin ikinci onilliyindən etibarən sosial media platformalarının inkişaf tempi və onların geniş ictimai təbəqələrə təsir imkanları ictimai rəyin formalaşması prosesində ənənəvi media institutlarının uzun illər qoruduğu dominant mövqeyini tədricən zəiflətmişdir.
Artıq ictimai rəyin formalaşması təkcə peşəkar jurnalistlərin təqdim etdiyi xəbərlərlə məhdudlaşmır. Sosial media istifadəçilərinin paylaşımları, şərhləri, reaksiyaları və müxtəlif mövzularda yaratdıqları trendlər cəmiyyətin fikir atmosferinə birbaşa təsir göstərir, fərdi subyektlər virtual məkanın fəal iştirakçılarına çevrilərək informasiya istehsalçısı və ötürücüsü funksiyasını daşıyırlar.
Sosial media klassik informasiya vasitələrindən fərqli olaraq, mesaj ötürülməsi prosesində passiv auditoriya anlayışını, informasiya istehsalçısı ilə istehlakçısı arasındakı sərhədləri demək olar ki, aradan qaldırmışdır. Artıq hər bir istifadəçi həm informasiya mənbəyi, həm də onun fəal yayımçısı kimi çıxış edir. Məhz bu interaktivlik sosial medianı ənənəvi təktərəfli kommunikasiya modelindən fərqləndirərək onu çoxistiqamətli, horizontal və real zamanlı informasiya axını təmin edən dinamik bir platformaya çevirmişdir.
Ənənəvi mediada xəbərlər redaksiya süzgəcindən keçərək ictimaiyyətə təqdim olunduğu halda, sosial mediada informasiya istehsalı daha spontan, dinamik və çox vaxt nəzarətsiz şəkildə həyata keçirilir. Məhz bu xüsusiyyətlər sosial medianın ictimai rəyə təsir imkanlarını xeyli genişləndirmiş, onun informasiya məkanındakı rolunu artırmışdır.
Müasir cəmiyyətlərdə sosial medianın funksiyası təkcə informasiya ötürmək və yaymaqla məhdudlaşmır. O, eyni zamanda ictimai diskursların formalaşmasına, sosial məsələlərin gündəmə gətirilməsinə və ictimai təsir imkanlarının artmasına şərait yaradır. Xüsusilə cəmiyyətdə geniş rezonans doğuran hadisələr sosial mediada sürətlə müzakirə obyektinə çevrilir, nəticədə bu platformalar ictimai debatların mərkəzinə çevrilərək normativ düşüncə tərzinin formalaşmasına xidmət edir.
Tanınmış nümunələr arasında “#MeToo”, “Black Lives Matter” və digər qlobal miqyaslı sosial hərəkatları göstərmək olar. Bu təşəbbüslər ilkin olaraq məhz sosial media platformalarında formalaşaraq geniş yayılmış, ardınca isə beynəlxalq ictimai rəyin strukturuna daxil olaraq siyasi və hüquqi qərarvermə proseslərinə real təsir göstərmişdir.
Sosial medianın ictimai rəyə təsiri ikili xarakter daşıyır. Bir tərəfdən bu platformalar informasiya azadlığının təşviqi və sosial ədalətin müdafiəsi üçün mühüm imkanlar yaradır, digər tərəfdən isə yalan məlumatların, dezinformasiyanın və manipulyativ məzmunların yayılması üçün əlverişli şərait formalaşdırır. Alqoritmik yönləndirmələr, süni intellektə əsaslanan bot sistemləri və məqsədli psixoloji təbliğat vasitəsilə ictimai rəyin süni şəkildə formalaşdırılması mümkündür ki, bu da informasiya təhlükəsizliyi baxımından ciddi risklər doğurur.
Eyni zamanda sosial mediada müşahidə olunan rəqəmsal qütbləşmə, fərqli baxışlara malik qruplar arasında sağlam dialoqun zəifləməsinə və informasiya vakuumlarının yaranmasına səbəb olur. Belə hallarda istifadəçilər əsasən yalnız öz mövqelərinə uyğun məlumat mənbələrinə çıxış əldə edir, bu isə stereotiplərin güclənməsinə və radikal baxışların artmasına zəmin yaradır.
Nəticə etibarilə qeyd etmək olar ki, sosial media müasir informasiya cəmiyyətində ictimai rəyin formalaşmasında strateji əhəmiyyətə malik əsas vasitələrdən birinə çevrilmişdir. Onun bu potensialından səmərəli istifadə etmək üçün ictimai institutlar və istifadəçilər arasında media savadlılığının artırılması, informasiya etikası prinsiplərinə əməl olunması və sosial medianın hüquqi çərçivədə tənzimlənməsi istiqamətində kompleks tədbirlərin görülməsi vacibdir. Yalnız bu halda sosial media informasiya manipulyasiyasının deyil, ictimai dialoq və demokratik dəyərlərin daşıyıcısına çevrilə bilər.
Bundan əlavə, sosial medianın informasiya siyasətində artan rolu onu təkcə texnoloji yenilik kimi deyil, həm də sosial institut kimi qiymətləndirməyi zəruri edir. Bu baxımdan, sosial medianın tədqiqi yalnız jurnalistika və kommunikasiya elmləri ilə məhdudlaşmamalı, sosiologiya, politologiya və psixologiya kimi sahələri də əhatə etməlidir. Gələcəkdə bu platformaların ictimai rəyə təsir mexanizmlərinin daha dərindən araşdırılması, normativ və tənzimləyici yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Elmi yanaşma və sosial medianın funksional imkanları ilə risklərini balanslaşdırmaq, informasiya cəmiyyətinin dayanıqlı inkişafı üçün əsas şərtlərdən biri hesab olunmalıdır.
Pərvanə İbrahimova,
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi, dosent
13:23 12.07.2025
Oxunuş sayı: 932