Nağdsız hesablaşmalar, elektron texnologiyalar: Sadə və asan, yoxsa təhlükəli?
Cəmi on, on beş il əvvəl köşkdə kartla ödəniş etmək demək olar ki, fantastika kimi görünə bilərdi. Bu gün isə “səyyar” qəhvə satan, kiçik küçə satıcısı belə dəzgahına terminal qoyur və “onlayn” ödəniş qəbul edir. Vaxtilə var-dövlətin və rifahın simvolu sayılan sikkələr və kağız pullar tədricən keçmişdə qalır. Biz nağdsız hesablaşmalar dövründə yaşayırıq — sürətli, rahat və yüksək texnologiya dövründə. Amma bu dəyişikliklərə düşünmədən sevinmək doğrudurmu? Nağdsız hesablaşmalar sadəcə rahatlıq deyil, bu, pulun yeni fəlsəfəsidir. Biz artıq “pulqabımızın” ağırlığını hiss etmirik, əskinasların xışıltısını eşitmirik, nə qədər xərclədiyimizi hiss etmirik. Pul ekrandakı rəqəmlərə çevrilir, alış prosesi isə telefona bir toxunuşla baş verir. Banklar, ödəniş sistemləri və texnologiyalar istəyimizlə alış arasındakı məsafəni saniyələrə endirmək üçün hər şeyi edirlər. Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 107,9 faiz (2,1 dəfə) və ya 10 milyon 327 min 571 ədəd artaraq 20 milyona çatıb. Son bir ildə Azərbaycanda istifadədə olan bank kartlarının sayı 17,6 faiz və ya 2 milyon 973 min 578 ədəd artaraq 19 milyon 898 min 735 ədəd olub. Hər il sürətlə artan bank kartlarının sayı artıq əhalinin sayından 2 dəfəyə yaxın çoxdur. (Şəxsi araşdırmalarım)
Bəs bu, çox asan deyilmi? Bəli, nağdsız ödənişlərin saysız-hesabsız üstünlükləri var. Onlar daha təhlükəsizdir. Kartı oğurlamaq cibdəki pulu götürməkdən daha çətindir, daha şəffafdır, dövlət və biznes “kölgə gəlirlərinə” qarşı effektiv mübarizə apara bilir, daha sürətli və ekoloji cəhətdən təmizdir, milyardlarla əskinas çap etməyə ehtiyac yoxdur. Nəhayət, onlar insana tez öyrəşdiyi rahatlıq bəxş edir - dostuna pul köçürmək, hesab ödəmək, bilet və ya abunə almaq -hamısı bir neçə kliklə ümkündür.
Lakin hər bir qəpikin — istər virtual olsun, istərsə real — digər tərəfi də mövcuddur. Hər ödənişimiz rəqəmsal iz qoyur. Hər vəsaitin hərəkəti izlənilir, təhlil edilə və məhdudlaşdırıla bilir. Biz öz vərdişlərimiz, üstünlüklərimiz və hərəkət marşrutlarımız haqqında məlumatları könüllü şəkildə bankların, korporasiyaların və çox vaxt dövlətin ixtiyarına veririk. Görəsən, bu rahatlıq görünməz asılılığa çevrilmirmi?
Üstəlik, “nağdsız dünya” texnologiyalara böyük etimad tələb edir. Bank sistemindəki bir nasazlığın necə ağrılı qarşılandığını deməyə ehtiyac varmı? Minlərlə insan bir anda “pulsuz” qalır - bəlkə də müvəqqəti, amma yenə də narahatedicidir. Elektrik, internet, server - maliyyə həyatımız bu amillərin fasiləsiz işləməsindən asılıdır. Bu mənada, nağd pul hələ də müstəqilliyin simvolu olaraq qalır - köhnəlmiş olsa belə. Nağdsız hesablaşmalar sadəcə texnoloji tendensiya deyil, eləcə də rahatlıq və nəzarətin yanaşı getdiyi müasir cəmiyyətin aynasıdır. Biz elə bir dünyaya doğru gedirik ki, kağız pullar muzey eksponatına çevriləcək. Amma sual dəyişmir, rahatlıq və sürət naminə maliyyə azadlığımızdan imtina etməyə hazırıqmı?
İlk dəfə onlayn alış-veriş edəndə bir az həyəcanlanmışdım. Çünki əvvəllər adətən mağazalara gedib məhsulu öz gözlərimlə görüb, yoxlayıb alırdım. İnternetdən nəsə sifariş etmək mənim üçün həm maraqlı, həm də bir az riskli görünürdü. İlk sifariş etdiyim məhsul ayaqqabı idi. Saytda çox gözəl görünürdü və mənim uzun müddətdir axtardığım modelə oxşayırdı. Əslində, əvvəl tərəddüd edirdim, çünki ayaqqabının ölçüsü düz çıxmazsa və ya keyfiyyəti pis olsa, nə edəcəyimi bilmirdim. Amma yenə də cəsarət edib sifariş verdim.
Ayaqqabını aldıqdan sonra bir neçə gün gözləmək lazım oldu. O günlərdə daim gözləmədə idim: görəsən nə vaxt gələcək, görəsən ayaqqabı mənim düşündüyüm kimi olacaqmı? Nəhayət, kuryer qapımıza çatanda çox sevindim. Qutunu açanda ayaqqabının şəkillərdə gördüyüm kimi olduğunu görüb rahatladım. Ölçüsü də tam uyğun idi. Bu mənim üçün çox yaxşı bir təcrübə oldu, çünki onlayn alış-verişin həqiqətən də işlədiyini və düzgün sayt(ünvan) seçəndə problem olmadığını anladım.
Sonrakı vaxtlarda geyim, kitab və kiçik aksesuarlar da sifariş etməyə başladım. Onlayn alış-verişin ən yaxşı tərəfi odur ki, evdən çıxmadan müxtəlif məhsulları görə bilirəm. Mağazalarda bəzən axtardığım şey olmur, amma internetdə seçim daha çoxdur. Digər üstünlük isə qiymətləri müqayisə etməkdir. Bir neçə kliklə fərqli mağazaların qiymətlərinə baxmaq mümkündür. Bu da mənə daha ucuz və sərfəli alış-veriş etməyə imkan verir.
Ödəniş məsələsinə gəldikdə isə, çox vaxt “plastik kartdan” istifadə etmək lazım gəlir. Mənim hələ 14 yaşım olduğuna görə kartım yoxdur, ona görə də valideynlərimdən dəstək alıram. Bəzən saytlar müxtəlif bank kartlarını qəbul etmir, bu da kiçik bir çətinlik yaradır. Amma ümumiyyətlə, ödənişlər asan və sürətlidir. Yenə də kart məlumatlarını daxil edəndə bir az narahat oluram. Çünki internetdə şəxsi məlumatların oğurlanması halları haqqında çox eşitmişəm. Ona görə də valideynlərim həmişə deyirlər ki, yalnız “etibarlı saytlar” vasitəsilə alış-veriş etməliyəm. Bəzi araşdırmalar apardım və beləliklə mənin “Paypal” ödəniş sistemilə ilk tanışlığım başladı. “PayPal”- beynəlxalq ödəniş sistemidir. O, beynəlxalq pul köçürmələrini qəbul etməyə və göndərməyə, onlayn xidmət və alışları təhlükəsiz şəkildə ödəməyə, ödənişlərin qəbulu üçün biznes hesabları açmağa və daha bir çox əməliyyatı həyata keçirməyə imkan verir. “PayPal”-ın əsas xüsusiyyəti onun çoxvalyutalı olması və müxtəlif bank hesabları və kartlarla işləmək imkanına malik olmasıdır. O, valyuta konversiyasını dəstəkləyir və orta bazar məzənnəsinə kiçik komissiya faizi əlavə etməklə həyata keçirir ki, bu da istifadəçilərə dünyanın istənilən yerinə pul göndərmək və almaq zamanı məzənnə itkilərini minimuma endirməyə imkan verir.
Onlayn alış-verişin bəzi mənfi cəhətləri də var. Məsələn, məhsul gecikə bilər, bəzən isə sifariş edilən şey gözlənildiyi kimi çıxmır. Ayaqqabı məsələsində şanslı idim, amma bəzi tanışlarım yanlış ölçü və ya keyfiyyətsiz məhsul aldıqlarını danışıblar. Ona görə də düşünürəm ki, xidmətlərin müəyyənləşdirilməsi zamanı qaytarma və dəyişdirmə şərtləri çox aydın göstərilməlidir. Əgər məhsul qeyd olunan şərtlərə uyğun gəlməsə, alıcı rahatlıqla geri qaytara bilməlidir.
Onlayn alış-verişi həm asan, həm də daha təhlükəsiz etmək üçün bəzi yeni addımlar atmaq olar. Birincisi, saytların dizaynı sadə və aydın olmalıdır. Çatdırılma vaxtı, qiymət və qaytarma şərtləri müştərinin rahat görəbiləcəyi hissədə, qarşısında yazılmalıdır. İkincisi, ödəniş sistemləri güclü qorunmalı və istifadəçilərə müxtəlif seçimlər verilməlidir. Məsələn, nağd ödəniş imkanı, “təhlükəsiz ödəniş” platformaları və ya valideyn icazəsi ilə alış-veriş funksiyası gənc istifadəçilər üçün faydalı ola bilər. Üçüncüsü, hər etibarlı saytda təhlükəsizlik nişanları və sertifikatları göstərilməlidir ki, insanlar daha inamla alış-veriş edə bilsinlər.
Unutmaq lazım deyil ki, son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdadır. Kartlardan icazəsiz pul çıxarılması, mobil bank tətbiqlərinin işləməməsi, dələduzluq hallarının çoxalması və xidmət səviyyəsinin aşağı düşməsi vətəndaşlar üçün ciddi narahatlıq yaradır. İnsanlar bank kartlarından istifadə zamanı müxtəlif problemlərlə qarşılaşır, dələduzluq sxemləri isə getdikcə daha mürəkkəbləşir .
Nəticə olaraq, mənim onlayn alış-veriş təcrübəm və təəsuratım əsasən müsbət olub. İlk dəfə sifariş verdiyim ayaqqabı uğurlu oldu və mənə bu sistemə inam yaratdı. İndi bilirəm ki, düzgün yanaşanda internetdən alış-veriş həm rahat, həm də vaxta qənaət edən bir üsuldur. Amma eyni zamanda təhlükəsizlik məsələlərini unutmamaq lazımdır. Məncə, gələcəkdə texnologiya daha da inkişaf etdikcə, onlayn alış-veriş həm kiçik yaşda gənclər, həm də böyüklər üçün daha rahat və tam etibarlı olacaqdır.

Qurbanov Afad Ramin oğlu
14:54 24.11.2025
Oxunuş sayı: 1922