İran ABŞ -yə meydan oxuyur?- Şərh
"Axios" amerikalı rəsmi şəxsə və vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb ki, İran Hörmüz boğazında yenidən mina fəaliyyətini artırıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması son günlərdə boğazda əlavə dəniz minaları yerləşdirdiyi bildirilir. Mənbələrə görə, ABŞ ordusu İranın hərəkətlərini dərhal qeydə alıb və vəziyyəti izləməyə davam edir.
Lakin, son vaxtlar qoyulmuş minaların dəqiq sayı rəsmi olaraq açıqlanmayıb. Hazırkı eskalasiyadan əvvəl ekspertlər İranın boğazda yerləşdirdiyi minaların ümumi sayının 100-dən az olduğunu təxmin edirdilər.
Bu, mövcud münaqişənin başlanğıcından bəri Hörmüz boğazında baş verən ikinci minalanma hadisəsidir. Eyni zamanda, mənbələrin qeyd etdiyi kimi, əvvəlki epizod zamanı yerləşdirilmiş bütün minaların aşkar edilib zərərsizləşdirilib-təmizlənmədiyi hələ də məlum deyil.
ABŞ-ın hesablamalarına görə, müharibənin əvvəlində İranın böyük mina döşəyən gəmilərinin 90%-dən çoxu, eləcə də onların saxlama anbarları məhv edilib. Bununla belə, ABŞ hesab edir ki, İran sahillərində müəyyən mina ehtiyatları və əlaqəli çatdırılma sistemləri hələ də qalmaqdadır.
Məlum olduğu kimi, ABŞ-İran danışıqları hələ ki dalana dirənib. Bunun əsas səbəbi tərəflərin kompromisə getmək istəməməsi və danışıqlar üçün şərt qoymasıdır. Xüsusilə Hörmüz boğazı ilə bağlı məsələ tərəflər arasında düyün nöqtəsinə çevrilib.
İndi tərəflər öz şərtləri altında danışıqların baş tutmasına çalışır. Bunun üçün müxtəlif yollardan, o cümlədən təzyiqdən istifadə olunur.
Hazırda İranın əlindəki ən güclü kart məhz Hörmüz boğazı ilə bağlıdır. Tehran, ola bilsin, ərazini minalayaraq qarşı tərəfi konstruktiv formada danışıqlar masasına oturmağa vadar etmək istəyir. Amma bu, əks effekt verə və ABŞ-nin radikal addımlarına səbəb ola bilər. Nəticədə hazırda onsuz da az olan danışıqlar ehtimalı daha da aşağı düşəcək.
Onu da deyək ki, bu cür məlumatların həm də informasiya müharibəsinin tərkib hissəsi olduğu unudulmamalıdır. "Axios" və digər nəşrlər sifarişli formada "suları bulandırmaq" üçün müxtəlif iddialarla çıxış edə bilərlər. Bu ehtimallar gözardı edilməməlidir.
19:25 24.04.2026
Oxunuş sayı: 57