Azərbaycanda Marsol Academy təşəbbüsü ilə təşkil olunan ORFF metodik yanaşmalı "Body2Game” təlimi ikinci dəfə uğurla baş tutub. 11–12 aprel tarixlərində keçirilən proqramda ümumilikdə 50 nəfər mütəxəssis iştirak edib.
İki gün davam edən təlim çərçivəsində iştirakçılar musiqi və ritmin insanın psixoloji və emosional inkişafına göstərdiyi müsbət təsirlərlə yaxından tanış olmaq imkanı əldə ediblər. Təlim beynəlxalq səviyyədə tanınmış mütəxəssislər Tuncer Ediz Toksoy və Esin Toksoy tərəfindən həyata keçirilib.
Təlim proqramı ərzində ORFF metodikasının əsas prinsipləri həm nəzəri, həm də praktik fəaliyyətlər vasitəsilə iştirakçılara təqdim olunub. Sessiyalar zamanı bədənin ritm aləti kimi istifadəsi, bədən perkussiyası, hərəkət və musiqi arasında əlaqə, oyun əsaslı öyrənmə yanaşmaları və komanda fəaliyyəti üzrə müxtəlif interaktiv məşğələlər təşkil edilib.
Qeyd edilib ki, bu metodika iştirakçılarda diqqət, hafizə, zamanlama və koordinasiya kimi vacib bacarıqların inkişafına müsbət təsir göstərir. Eyni zamanda, sağ və sol beyin yarımkürələri arasındakı əlaqənin gücləndirilməsi və komanda ilə effektiv işləmə bacarıqlarının formalaşdırılması baxımından da effektiv yanaşma hesab olunur.
Marsol Academy nümayəndələri bildiriblər ki, beynəlxalq təcrübəyə əsaslanan bu kimi proqramların həyata keçirilməsi ölkədə yaradıcı və müasir təhsil yanaşmalarının inkişafına mühüm töhfə verir. Akademiya gələcəkdə də innovativ və praktik yönümlü təlim proqramları ilə təhsil sahəsində fəaliyyətini davam etdirməyi planlaşdırır.