Estoniyanın baş naziri bu rus hərbçilərinə Şengen zonasına girişi qadağan edir
Ukraynanın tammiqyaslı işğalında iştirak edən rus hərbçilərinin pasport nəzarəti olmadan Şengen zonasına girişi birdəfəlik qadağan edilməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal Euronews-a verdiyi müsahibədə bildirib.
Nəşr qeyd edib ki, Mixal bu təklifi ümumavropa siyasətinə çevirməyə çalışır.
"Rusiya əsgərlərinin əksəriyyəti cinayətkardır və onların Şengen zonasına girişi birdəfəlik qadağan edilməlidir. Bu insanların evinizin yaxınlığında olmasını istəyirsinizmi? Xeyr, əlbəttə ki, yox", - deyə Estoniyanın baş naziri bildirib.
Estoniya hökuməti iddia edir ki, Kremlin Ukraynada hücumu davam etdirmək və döyüş meydanındakı itkiləri əvəz etmək məqsədi daşıyan genişləndirilmiş səfərbərliyi keçmiş əsgərlərin döyüşlər bitdikdən sonra belə AB üçün təhlükə yarada biləcəyi ehtimalını artırır.
"Bu insanlar nə edəcəklər? Onların əksəriyyəti cinayətkardır, amma Rusiyada onlar qəhrəman kimi qəbul ediləcəklər. Onlar "Vaqner II", "Vaqner III" kimi özəl ordular şəklində formalaşacaq və Avropada, Asiyada, Afrikada, hər qitədə fəaliyyət göstərəcəklər", - deyə Mixal bildirib.
Buna görə də, o, bu cür şəxslərin Şengen zonasına girişinin birdəfəlik qadağan edilməsini təklif edir.
"Hər kəsdən bir daha soruşmaq istəyirəm: bu insanların evinizin yaxınlığında olmasını istəyirsinizmi? Xeyr, istəmirsiniz. Buna görə də onların Şengen zonasına girişinin birdəfəlik qadağan edilməsi lazımdır", - deyə Estoniyanın Baş naziri vurğulayıb.
Nəşrdə bildirilir ki, Estoniya bu ilin əvvəlində Şengen zonasına girişin qadağan edilməsi ideyasını təbliğ etməyə başlayıb. Avropa Şurası mart sammitində təklifi rəsmi qərarlarına daxil edənə qədər tədricən digər üzv dövlətlərdən dəstək alıb. O əlavə edib ki, liderlər Avropa Komissiyasına üzv dövlətlərin bu sahədəki səlahiyyətlərinə təsir etmədən bu məsələnin mümkün həll yollarının qiymətləndirilməsini təmin etməyi tapşırıblar.
Nəşrdə qeyd olunur ki, hər bir Aİ ölkəsi kimə və hansı şərtlərlə giriş vizası verəcəyini müstəqil şəkildə qərar verir. Avropa Komissiyası ardıcıllığı təmin etmək üçün ümumi qaydalar müəyyən edir, çünki viza verildikdən sonra onun sahibi Şengen zonasında sərbəst hərəkət etmək hüququna malikdir.
Mixal hesab edir ki, keçmiş və hazırkı Rusiya hərbçilərinin çoxluğu nəzərə alınmaqla, bütün üzv dövlətlər bunun üçün məsuliyyəti bölüşməlidirlər.
Baş nazir bildirib ki, Estoniya artıq təxminən 1300 Rusiya hərbi qulluqçusunun ölkəyə girişini qadağan edib.
O, hesab edir ki, qüvvələri birləşdirməklə bu məsələdə daha çox şeyə nail olmaq olar:
"Biz daha çox şey edə bilərik, 10 dəfə çox şey edə bilərik, amma təkbaşına bir milyon hərbi qulluqçu qəbul edə bilmərik. Hər kəsin köməyinə ehtiyacımız var."
19:36 24.04.2026
Oxunuş sayı: 56