Azərbaycan və Vyetnam məhkəmələri yeni əməkdaşlıq mərhələsinə keçib
Azərbaycanla Vyetnam arasında məhkəmə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni hüquqi təşəbbüslər müzakirə edilib.
Bu barədə Crossmedia.az Ali Məhkəməyə istinadən xəbər verir.
Azərbaycanın Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda rəsmi səfərdə olub.
Vyetnam Ali Xalq Məhkəməsinin dəvəti ilə baş tutan səfər çərçivəsində Vyetnam Ali Xalq Məhkəməsinin sədri Nguyen Van Quang ilə görüş keçirilib. O, qonaqları qəbul etməkdən məmnunluğunu ifadə edərək, bu səfərin iki ölkənin məhkəmələri arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcəyinə əminliyini bildirib.
Nguyen Van Quang bildirib ki, Azərbaycan məhkəmə sisteminin, xüsusilə Ali Məhkəmənin təcrübə və biliklərinin öyrənilməsi Vyetnam üçün son dərəcə önəmlidir.
İnam Kərimov Azərbaycan tərəfinin Vyetnamla məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və məhkəmələrin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni hüquqi təşəbbüslərin müzakirə edilməsi məqsədilə birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Hanoi Şəhər Xalq Məhkəməsini və Quang Ninh Vilayətinin Xalq Məhkəməsində olub.
Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Vyetnamdakı Fövqəladə və Səlahiyyətli səfiri Şövqi Mehdizadə də iştirak edib.
14:29 03.12.2025
Oxunuş sayı: 781