Bu istisna hallarda gizli səs yazısını - məhkəmə qəbul edəcək
Gizli səs yazıları və videoçəkilişlər son dövrlərdə məhkəmə mübahisələrində tez-tez gündəmə gələn məsələlərdəndir. Azərbaycan qanunvericiliyinə görə, sübutun məhkəmədə qəbul edilməsi üçün onun qanuni yolla əldə olunması və prosessual qaydalara uyğun təqdim edilərək yoxlanılması əsas şərtlərdəndir; qanunsuz əldə edilmiş sübutlardan istifadə edilə bilməz. Xüsusilə şəxsi həyatın toxunulmazlığı ilə bağlı hüquqlar nəzərə alınmalı, gizli şəkildə əldə edilmiş audio və videonun hansı şəraitdə qeydə alındığı və qanuni əsasının olub-olmadığı məhkəmə tərəfindən qiymətləndirilməlidir.
Hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında belə materialların hansı hallarda məhkəmə tərəfindən sübut kimi qəbul edilə biləcəyini izah edib: “Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində şəxsi həyatın toxunulmazlığı hüququnun qanunla qorunduğu qeyd olunur və heç kimin qanuni əsaslar olmadan bu hüquqa müdaxilə etməsi yolverilməzdir. Əgər şəxslə bağlı hər hansı gizli çəkiliş və ya səs yazısı məhkəməyə təqdim olunursa, məhkəmə həmin video və audio materialların hansı şəraitdə qeydə alındığını və onların qanuni əsaslarının olub-olmadığını araşdırır”.

Hüquqşünasın sözlərinə görə, gizli şəkildə əldə edilmiş audio və video materialların məhkəmədə sübut kimi qəbul edilməsi konkret işin hallarından asılıdır: “Əgər şəxsin xəbəri olmadan gizli çəkiliş və ya səs yazısı aparılıbsa və həmin material sübut kimi əldə olunubsa, vətəndaşlarımız bilməlidirlər ki, məhkəmə işin hallarına birbaşa təsiri olduğu və həqiqətin aşkara çıxarılması üçün müstəsna əhəmiyyət daşıdığı halda həmin materialı sübut qismində qəbul edə bilər. Əks təqdirdə, məhkəmə həmin materialı qəbul etmədikdə onun hüquqi dəyəri qalmır və nəticə etibarilə məhkəmə həmin sübutun sübutlar siyahısından çıxarılması barədə qərar qəbul edə bilər”.
Nigar Xəlilli
18:45 27.08.2026
Oxunuş sayı: 48