UŞAQLARIN HƏYACAN MESAJI: Oyan valideyn, məni təhlükə gözləyir
Ötən gün paytaxtın Binəqədi rayonunda 13 yaşlı bir qızın mənzildə qəfil ölümlə aşkar olunması cəmiyyətdə böyük sarsıntı yaradıb. Valideynlərinin sözlərinə görə, qızın dəftərində qorxulu rəsmlər – cin və şeytan motivləri – çəkilib. Hadisə polis tərəfindən aparılan araşdırmalar nəticəsində daha da təfərrüatlı şəkildə ortaya çıxıb: qızın telefonunda gecə saatlarında, hər kəs yatdıqdan sonra cin, şeytan və qəbiristanlıq mövzulu videolar izlədiyi müəyyən edilib. Belə ki, bu halların uşağın psixoloji və emosional vəziyyətinə ciddi təsir göstərdiyi, həmçinin onun təhlükəli davranışlara və qəfil qorxu reaksiyalarına səbəb ola biləcəyi qənaətinə gəlinib.
Ekspertlər vurğulayır ki, bu cür hadisələr təkcə fərdi yox, həm də sosial və texnoloji faktorların nəticəsidir. Uşaqların internetdə qorxulu və mənfi kontentə çıxışı, valideyn nəzarətinin yetərsizliyi, uşaqların emosional boşluqları və psixoloji gərginlikləri bir araya gəldikdə, bəzən ölüm riski belə yarana bilər. Araşdırmada bu hadisəyə dair müxtəlif perspektivləri öyrənmək üçün psixoloq, sosioloq, ilahiyyatçı, həkim və rəqəmsal təhlükəsizlik üzrə ekspertlərin fikirləri öyrənilib. Onlar uşaqların qorxulu kontent izləməsi, valideyn nəzarətinin əhəmiyyəti, mənəvi tərbiyə və texnoloji təhlükəsizlik mövzularında dərin təhlil təqdim ediblər.
Hadisənin həm psixoloji, həm sosial, həm texnoloji, həm də mənəvi baxımdan araşdırılması, uşaqların təhlükəsizliyinə dair tövsiyələrin verilməsi və valideynlərin məsuliyyətinin vurğulanması bu araşdırmanın əsas məqsədidir. Daha sonra ekspertlərin hər birinin açıqlamaları ayrıca təqdim ediləcək, onların müşahidələri və tövsiyələri uşaqların qorunması və təhlükəsiz internet istifadəsinin vacibliyini göstərir.
Bu barədə Crossmedia.az-a açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, qorxulu videolara meyl göstərən uşaqların böyük qismində emosional boşluq, diqqət çatışmazlığı, sevgi və qayğının az olması müşahidə olunur. Belə uşaqlar çox zaman özünə qapanır, depressiv davranışlar göstərir və fobiyalardan əziyyət çəkirlər.
Onun sözlərinə görə, qorxulu videoların içərisində müəyyən “etaplı” oyunlar da olur və uşaqlar bu etapları keçmək üçün məcburi şəkildə müəyyən davranışları yerinə yetirməyə sövq edilir. Məsələn, gecə müəyyən saatlarda oyanmaq, qəribə tapşırıqları yerinə yetirmək və bu kimi addımlar uşaqlarda:
aqresiyanın artmasına,
narahatlıq və panikaya,
güclü qorxu və kabuslara,
yuxu pozuntularına səbəb ola bilər. Psixoloq əlavə edir ki, belə gərginlik bəzən ölümcül vəziyyətlərə qədər gətirib çıxarır.
Psixoloqun sözlərinə görə, uşağın dəftərində çəkdiyi qorxulu şəkillər də təsadüfi deyil. Çox vaxt bu şəkillər uşağın daxilindəki həyəcan və qorxu hisslərinin vizual ifadəsi olur. Güclü fantaziyaya malik uşaqlar qorxularını kağıza köçürməklə daxili narahatlığı göstərirlər. Bu, valideynlər üçün ciddi siqnaldır:
“Məni gör, məni duy, məni qoruyun”
Psixoloq vurğulayır ki, valideyn bir çox hallarda uşağın davranışlarını düzgün şərh edə bilmir. Məsələn, uşaq heç ehtiyacı olmadığı halda “oğurluq” edirsə, bu, çox vaxt valideynin diqqətini qazanmaq cəhdidir. Bu şəkilləri çəkirsə artıq valideyn üçün təhkükə siqnalıdır. "Oyan valideyn məni təhlükə gözləyir". Yəni uşaq psixoloji olaraq “Mən buradayam, mənə sevgi lazımdır” mesajı verir.
Bu səbəbdən, mütəxəssis valideynlərin:
uşağın sosial şəbəkə fəaliyyətini mütləq izləməsini,
davranış və psixoloji dəyişiklikləri gözdən qaçırmamasını,
ehtiyac yaranarsa psixoloqa və ya həkimə vaxtında müraciət etməsini tövsiyə edir.
Sosioloq Elçin Bayramlı isə qeyd edir ki, sosial şəbəkələrin fəaliyyəti xüsusilə uşaqlara mənfi təsir göstərir, onların psixologiyasını pozur, aqressivləşdirir və mənəvi boşluğa salır. Bu məsələlərdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. O vurğulayır ki, azyaşlı uşaqlara smartfon verməmək və onları internetdən qorumaq vacibdir. Kompüter oyunları və müasir cizgi filmləri də psixoloji təsir göstərə bilər, uşaqlarla əlaqə üçün sadə telefon kifayətdir, və uşaqların qorxulu videolara baxması yerinə beyini formalaşdıran sağlam oyunlarla məşğul olmaları daha uyğundur.
E.Bayramlı qeyd edir ki, uşaqlar enerjili və aktiv olmağı sevir, bu səbəbdən onların vaxtını idman və yaradıcılıq kursları ilə təmin etmək lazımdır. Bununla belə, ödənişli mərkəzlərin yüksək qiymətləri imkansız ailələrdə problem yaradır. Valideynlər həmçinin uşaqlarının ətrafını və dostlarını bilməli, onlara nəzarət etməlidir. Məktəblərdə uşaqların tərbiyəsi kifayət qədər güclü olmadığından, açıq havada gəzmək və digər real fəaliyyətlərlə məşğul olmaq vacibdir. Dövlət də qəribə və zərərli saytları bloklamalı və texniki məhdudiyyətlər tətbiq etməlidir.
Həmçinin rəqəmsal təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimovun sözlərinə görə, sosial şəbəkələrin alqoritmləri izləyicinin maraq dairəsini tam şəkildə izləyir və istifadəçinin davranışlarına uyğun olaraq kontent tövsiyə edir:
“İstifadəçi hansı tip videolara daha çox baxırsa, alqoritm avtomatik olaraq həmin məzmunu onun qarşısına daha çox çıxarmağa başlayır. Uşaqlar bir dəfə belə qorxulu və ya psixoloji gərginlik yaradan videoya baxırsa, platformalar bunu maraq kimi qeydə alır və oxşar videolar ard-arda təqdim olunur”.
Ekspert hesab edir ki, valideyn nəzarətinin zəif olması bu cür halların başlıca səbəblərindəndir:
“Valideynlər uşaqlarına hiss etdirmədən, xüsusi valideyn nəzarəti tətbiqləri vasitəsilə onların internet fəaliyyətini izləməlidir. Bu proqramlar uşağın hansı videolara baxdığını, hansı kontentlə daha çox maraqlandığını göstərir. Eyni zamanda təhlükəli və zərərli videoları avtomatik qadağan edə bilir”.
Mütəxəssis bildirir ki, bəzi ölkələrdə uşaqların internet təhlükəsizliyi üçün müəyyən addımlar atılır:
“Bəzi ölkələrdə 16 yaşından aşağı uşaq üçün valideyn mobil nömrə alırsa, bu barədə mobil operatora məlumat verilir. Operator həmin nömrə ilə işləyən telefona, qorxulu, zorakı, psixoloji zərərli kontentə girişə avtomatik icazə verilmir. Azərbaycanda da oxşar mexanizmlərin tətbiqinə ciddi ehtiyac var".
Fatimə
15:12 03.12.2025
Oxunuş sayı: 1101