Macarıstanda azərbaycanlı gənclərə təlimlər keçirilib
Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində Avropada yaşayan azərbaycanlı gənclər üçün “Gənclər təşkilatları: missiya və dəyərlər” və “Səmərəli komanda necə qurulur?” mövzularında təlimlər keçirilib.
Crossmedia.az xəbər verir ki, iki gün davam edən təlimlərə 15 ölkədən gənc soydaşlarımız qatılıb.
Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov diaspor gənclərinə beynəlxalq təcrübəyə uyğun idarəetmə standartları barədə geniş məlumat verərək, müasir gənclər təşkilatlarının hansı prinsip və çərçivələrə əsaslanmalı olduğunu ətraflı şəkildə izah edib. O, uğurlu komandanın qurulması mərhələləri, məqsədlərin düzgün müəyyən edilməsi, qarşılıqlı etimadın yaradılması və effektiv kommunikasiya metodlarından danışıb. Gənclər düzgün kommunikasiya bacarıqlarının yalnız iş mühitində deyil, həmçinin müsahibələrdə, komanda fəaliyyətində və liderlik qabiliyyətlərinin inkişafında mühüm rol oynadığını əyani şəkildə müşahidə ediblər.
Gənclər bu təlimlərin onlar üçün faydalı və maraqlı olduğunu bildiriblər. Belə təşəbbüslərin soydaşlarımızın xaricdə peşəkar mütəxəssis kimi inkişafına töhfə verəcəyini vurğulayıblar.
14:21 03.12.2025
Oxunuş sayı: 666