Naxçıvanda “MEDİAFEST-2025” çərçivəsində media tədqiqatçıları NDU-da müəllim və tələbələrlə görüşüb








“MEDİAFEST-2025” çərçivəsində mayın 31-də Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu müəllim və tələbələrlə görüşüblər.
Görüşdə NDU-nun rektoru Elbrus İsayev universitetdə Jurnalistika ixtisasının tədrisi, Media Mərkəzi, Universitet Televiziyası, “Nuhçıxan” radiosu, “Yeni fikir” qəzetindən bəhs edib, BDU ilə əlaqələr, irəlidə planlaşdırılan ortaq fəaliyyətlərdən danışıb. Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd olunduğu əlamətdar təqvimdə media tədqiqatçılarının universitetdə müəllim və tələbələrlə görüşünün mühüm mahiyyət daşıdığını bildirib, qonaqlara görüşdən xatirə olaraq hədiyyələr təqdim edib.
Media tədqiqatçıları jurnalistika sahəsindəki akademik və praktik təcrübələrini müəllim və tələbələrlə bölüşüblər. Professor Qulu Məhərrəmli müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırıb. O həmçinin tələbələrə media dünyasında peşəkar olaraq inkişaf etmələri üçün akademik yanaşmalarını doğru formalaşdırmağı tövsiyə edib.
Vüqar Zifəroğlu isə xəbər istehsalının texniki və redaksiya tərəflərinə dair detallı analizlər apararaq tələbələri peşəkar jurnalistikanın dəqiq və elmi yanaşmalarını mənimsəməyə çağırıb. Onun sözlərinə görə, jurnalistikanın akademik tərəfi yalnız gündəlik fəaliyyətlə məhdudlaşmamalıdır, hər bir jurnalist elmi biliklərlə təchiz olmalıdır.
Görüşlər diskussiya şəraitində, sual-cavab şəklində keçib. Bu görüşlər gənc jurnalistlər üçün təcrübə mübadiləsi olub.
Qeyd edək ki, “MEDİAFEST-2025” Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilib.
14:57 31.05.2025
Oxunuş sayı: 1498