Dövlət başçısının bütün fəaliyyətinin mərkəzində insan dayanır - AÇIQLAMA

Mayın 26-da Prezident İlham Əliyev bir sıra məhkum edilmiş şəxslərin əfv olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilən şəxslər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv müraciətləri nəzərdən keçirilərkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza müddəti və davranışları nəzərə alınıb. Qeyd edək ki, qərar humanizm prinsiplərinə əsaslanaraq qəbul edilib.
Mövzu ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlama verib.
Ə. Nuriyev ilk olaraq bildirib ki, cənab Prezidentin Əfv Sərəncamı cəmiyyətdə hadisə yaradır, minlərlə ailəni sevindirir:
“Əfv komissiyasının üzvü olaraq prezidentin qərarını dövlətin və cəmiyyətin maraqları baxımından alqışlayıram. Dövlət başçısının bütün fəaliyyətinin əsas mərkəzində insan dayanır. Eyni zamanda, humanizm və mərhəmət cənab Prezidentin əsas prinsipləri arasındadır. Bu qərar Azərbaycan müstəqilliyinin əldə olunmasından sonra 71-ci Əfv Sərəncamıdır. 175 nəfər azadlıqdan məhrum edilmiş şəxs cəzasının qalan hissəsindən azad edilib, 25 nəfərin cəzası yarıbayarı azaldılıb. Digər cəzalarla bağlı isə həm cərimənin, həm azadlığın məhdudlaşdırılmasının, həm də bəzi təxirə salınmış cəzaların ləğvi də böyük humanist addımlardan biridir. Bu da məhkumlara ikinci şans verir ki, yeni həyata doğru-dürüst formada başlasınlar. Ümid edirik ki, onlar bu sərəncamı yüksək qiymətləndirəcəklər və yeni həyatlarını həm cəmiyyətin, həm də dövlət maraqlarına naminə quracaqlar”.
Əfv Kommissiyasının üzvü xarici vətəndaşlığı olan məhkumlardan da söz açıb:
“Azərbaycan məhkəmələri tərəfindən çıxarılmış bütün hökmlərlə əlaqədar müraciət etmiş şəxslər əfv üçün də müraciət edə bilərlər. Yəni, həmin şəxslər prezidentə müraciət edib, dəyən ziyanı ödəyib və cəzasının böyük hissəsini çəkiblər. Dövlət başçısı humanizm prinsiplərinə əsaslanaraq, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, hər kəsə bərabər münasibət göstərir. Prezidentin humanist addımından fransız məhkum da yararlanıb. Həmçinin, 17 nəfər haqqında əfv qərarı verilib ki, onlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Bu siyahıya həmin fransız vətəndaşı da daxildir. Onun mənsub olduğu ölkənin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiyinə baxmayaraq, dövlət başçısı üçün əsas prinsip insan hüquqları və humanizmdir. Bunun ən bariz nümunəsini həmin fransız vətəndaşının Əfv Sərəncamına daxil edilməsində görürük. Təəssüf ki, Fransa öz siyasətində dini, irqi və milli mənsubiyyətə əsaslanan ayrı-seçkilik halları nümayiş etdirir”.
Səbiyyə Zayirova
17:51 26.05.2025
Oxunuş sayı: 2070