“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bu addımı atmalıdır...” – Ekspertdən açıqlama

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Yerevan Dialogue” beynəlxalq forumunda bildirib ki: “Azərbaycan və Türkiyə ilə münasibətləri bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə normallaşdırmaq lazımdır”. Maraqlısı ondadır ki, Ermənistan hər dəfə bu cür açıqlamalar versə də heç bir real addım atmır. Hətta sülh müqaviləsini belə imzalamayıb. Azərbaycan tərəfindən açıq şəkildə bildirilən tələblərə Ermənistan 5 ildir cavab verə bilmir. Azərbaycandan savayı Türkiyə ilə də münasibətlərin normallaşmasında maraqlı olduğunu bildirən Ermənistan hansı addımları atmalıdır?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib:
“Təbii ki, Ermənistanın gələcək taleyi böyük ölçüdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlıdır. Rəsmi İrəvan bunu anlasa da bu sahədə ciddi addımlar atmaqdan çəkinir. Ermənistanın baş naziri N.Paşinyan hakimiyyətinin siyasi iradəsi hələlik Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində qətiyyətli addımlar atmaqda yetərli deyil. Buna ilk növbədə Rusiya kəşfiyyatına bağlı olan radikal, revanşist erməni müxalifəti müqavimət göstərir. Digər tərəfdən isə Rusiya və İran da Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılmasında maraqlı deyillər”.
Politoloq Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırma şərtlərindən danışıb:
“Təbii ki, Paşinyan hakimiyyətinin təmsilçiləri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırmasından danışarkən ilk növbədə nəqliyyat və kommunikasiya xəttlərinin açılmasını gündəmə gətirir. Ancaq bütün bunların baş verməsi üçün Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması lazımdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması qarşısında Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması əsas problemlərdən biri kimi görünür. Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə Azərbaycanla yekun sülh sazişini imzalamalıdır. Paşinyan hakimiyyəti yekun sülh sazişini imzalamaq üçün konsititusiyada düzəliş aparmalı və Azərbaycanla ortaq şəkildə ATƏT-in minsk qrupunun ləğv olunması ilə bağlı ATƏT-ə rəsmən müraciət ünvanlamalıdır. Əgər bu şərtlərə əməl olunarsa və Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanar və nəticə etibarilə Türkiyə və Ermənistan arasında münasibətlər normallaşa bilər”.
Ayhan Ağarzayev
16:46 26.05.2025
Oxunuş sayı: 1970