Deputat: Pakistan Azərbaycanın qardaş və müttəfiq ölkəsidir

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə getdikcə daha da güclənir. Hər iki ölkə bir-birinə qarşılıqlı hörmət və dəstək prinsipləri əsasında yanaşır.
Azərbaycan-Pakistan münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Crossmedia.az-a olan açıqlamasında bu münasibətlərin daha da dərinləşəcəyini bildirib.
C.Paşazadənin sözlərinə görə, Pakistan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana siyasi dəstək göstərən və dostluq mövqeyi sərgiləyən əsas ölkələrdən biri olub. Deputat bu ölkəni Azərbaycanın qardaş və müttəfiqi kimi qiymətləndirib.
Deputat vurğulayıb ki, Pakistan nümayəndə heyətinin Azərbaycana səfəri bir sıra sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradıb. Xüsusilə, təhsil, səhiyyə, biznes və yaşıl enerji sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. O deyib: “Pakistanın Azərbaycana gəlməsi özü ilkin biznesin, təhsil və səhiyyə sahələrində əməkdaşlıq üçün mühüm addımdır.”
C.Paşazadə. bildirib ki, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə görülən bərpa işlərində də Pakistanla birgə fəaliyyət nəzərdə tutulur. Onun sözlərinə görə, bu istiqamətdə artıq müəyyən müqavilələr bağlanıb. Deputat qeyd edib: “O müqavilələr bizim iki dövlət arasındakı münasibətlərin daha da möhkəmlənməsinə yol açır.”
Fatimə Nəbiyeva
20:14 23.05.2025
Oxunuş sayı: 5154