Azərbaycan- NATO əməkdaşlığı genişlənir: Alyansın Cənubi Qafqaza marağı artır

NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı “X” hesabındakı paylaşımında bildirib ki, təşkilat Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.
“Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur”, - o bildirib.
Məlum olduğu kimi, NATO uzun müddətdir ki, Cənubi Qafqaza və regionun əsas siyasi oyunçusu olan Azərbaycana xüsusi maraqla yanaşır. Əlbəttə, bu, təsadüfi deyil. Bu, bir tərəfdən rəsmi Bakının artan nüfuzu, digər tərəfdən isə Azərbaycanın Alyansın əsas gücü olan Türkiyə ilə strateji müttəfiqliyi ilə bağlıdır.
NATO- Azərbaycan əlaqələri barədə Crossmedia.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan hərbçiləri haqqında Əfqanıstanda xidmət göstərmiş heyətimizlə bağlı NATO-nun tədris filmi hazırlanıb və bu film hazırda NATO-nun hərbi məktəblərində tədris vəsaiti kimi istifadə olunur: "Digər tərəfdən, Azərbaycan hər zaman NATO ilə əməkdaşlığa müsbət yanaşıb. NATO-nun ən güclü üzv ölkələrindən biri olan Türkiyə ilə hazırda strateji əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq ciddi bir bəyanatla təsdiq olunub. Bütün bunlar Azərbaycanın NATO üçün nə qədər etibarlı tərəfdaş ola biləcəyini göstərir".
O qeyd edib ki, Azərbaycanın hərbçiləri Vətən müharibəsi zamanı və ondan sonra da peşəkarlıqları ilə seçiliblər. NATO-nun təşkil etdiyi bütün tədbirlərə Azərbaycan hərbçiləri dəvət olunurlar və orada xüsusi diqqətlə qarşılanırlar: "Siyasi aspektdən baxdıqda, Azərbaycan beynəlxalq arenada baş verən proseslərə qoşulmama mövqeyi ilə yanaşır və öz maraqlarından irəli gələn addımlar atır. Bu addımlar beynəlxalq hüquq çərçivəsində tam şəkildə əsaslandırılır. Yəni etibarlılıq qazanan Azərbaycan, NATO ilə əməkdaşlığı daha da genişləndirmək istiqamətində addımlar atır. Sadəcə olaraq, erməni lobbisinin fəaliyyəti nəticəsində Azərbaycanla ABŞ arasında müəyyən siyasi dəyişikliklər baş verib. Təbii ki, əgər siyasi münasibətlər bir qədər soyuyursa, NATO kimi qurumların da bu vəziyyətə münasibəti müəyyən çərçivədə anlaşılır".
Son olaraq ekspert qeyd edib ki, bütün bu amillər — Azərbaycanın iqtisadi potensialı, müasir ordu quruculuğu, ordunun ən son texnologiyalarla təchiz olunması, ölkənin heç bir tərəfə işğalçı niyyətlə baxmaması — NATO ilə əməkdaşlığın inkişafına müsbət təsir göstərir: "Eyni zamanda, Azərbaycanın Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından biri kimi tanınır. Bütün bu faktorlar NATO-nun da Azərbaycanla əməkdaşlığa marağını artırır. Ancaq Azərbaycan hələlik heç bir hərbi blokun tərkibində iştirak etmir və müstəqil siyasət yürüdür, həmçinin Qoşulmama Hərəkatında fəal iştirak edir. Bütün bunlar bu əməkdaşlığa müsbət təsir göstərir".
Aydan Quliyeva
16:46 23.05.2025
Oxunuş sayı: 692