Bakıda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir



Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) 29-cu iclası keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov açılış nitqi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, son illər ərzində Azərbaycanda mütərəqqi miqrasiya idarəçiliyi modeli formalaşdırılıb. Azərbaycan MDB ölkələri ilə miqrasiyanın tənzimlənməsi sahəsində qarşılıqlı faydalı fəaliyyətdə maraqlıdır: "Dövlət tərəfdaşları və beynəlxalq təşkilatlarla müzakirələr qanuni miqrasiyanın təşviqinə, onun potensialından səmərəli istifadəyə və bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək edir. Məhz bu tədbirlər sayəsində ölkəmiz Cənub-Şərqi, Şərqi Avropa və Mərkəzi Asiya regionunda miqrasiya üzrə Qlobal Paktın səmərəli həyata keçirilməsi ilə bağlı BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən Çempion ölkə kimi müəyyən edilən ilk ölkə olub", - deyə o bildirib.
Vüsal Hüseynov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda miqrasiya sahəsində yeni reallıqlar yaradıb. O, eyni zamanda, çıxışı zamanı azad edilmiş ərazilərdə mina probleminin mövcudluğunu, Azərbaycanın minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu və bununla bağlı Azərbaycanın rəsmi şəkildə humanitar minatəmizlənməni Dayanıqlı İnkişafın 18-ci milli məqsədi elan etdiyini bildirib.
MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri, Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, MDB ölkələrinin parlamentləri miqrasiya sahəsində hüquqi bazanın təkmilləşdirilməsində mühüm rol oynayır. O qeyd edib ki, miqrasiya proseslərinin səmərəli hüquqi tənzimlənməsi sisteminin formalaşdırılması MDB-nin müasir gündəliyinin ən aktual problemləri sırasındadır.
Sonra MDB MORŞ-yə yeni sədr seçilib. Bu posta Rusiya Federasiyasının daxili işlər nazirinin birinci müavini - Vətəndaşlıq Məsələləri və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəisi Andrey Kikot seçilib. O bildirib ki, bu gün miqrasiya axınları ölkələrin iqtisadi, demoqrafik, sosial inkişafına impuls verə biləcək müsbət potensiala malikdir: "Amma bununla belə miqrasiya axınları böyük risklərlə müşahidə olunur. Bununla əlaqədar Şura daxilində vacib hədəflərdən biri müvafiq orqanların fəaliyyətinin effektivliyinin artırılmasıdır".
Daha sonra tədbir gündəliyə uyğun olaraq Şuraya üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və milli qanunvericiliklərə edilmiş dəyişikliklər, beynəlxalq təşkilatlarla üzv dövlətlər arasında mövcud əməkdaşlığın səviyyəsi, milli təcrübələrin bölüşülməsi və digər məsələlər ətrafında müzakirələrlə davam edib.
Qeyd edək ki, MDB MORŞ 2007-ci il oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının qərarına əsasən yaradılıb. MDB-nin sahəvi əməkdaşlıq orqanı olan MORŞ-da 8 dövlət təmsil olunur.
Şuranın iclaslarında əsasən üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və onların miqrasiyanın müxtəlif sahələrinə dair təcrübələri, miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri, MDB iştirakçısı olan dövlətlərin miqrasiya sahəsində qəbul edilmiş dövlətlərarası və hökumətlərarası sənədlərinin həyata keçirilməsinin icra vəziyyəti barədə məruzələr dinlənilir, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunur.
15:03 22.05.2025
Oxunuş sayı: 636