Deputat: "Azərbaycan liderinin səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətə prinsipial çağırışdır"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21- “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.
“Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır”, - deyə müraciətdə bildirilib.
Dövlət başçısı qeyd edib ki, Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir.
Milli Məclisin deputatı Günay Ağamalı ölkə liderinin səsləndirdiyi mesajlar barədə Crossmedia.az-a danışıb. O, söyləyib ki, dövlət başçısının çıxışı Azərbaycanın beynəlxalq hüquqa, sülhə və ədalətə əsaslanan siyasətinin davamlılığını bir daha təsdiqlədi: "Azərbaycan və Türkiyə kimi qardaş dövlətlərin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi yalnız region üçün deyil, qlobal sabitlik baxımından da önəmlidir. Bu günkü mürəkkəb və dəyişkən geosiyasi şəraitdə hüquqa deyil, gücə əsaslanan yanaşmaların artdığı bir dövrdə Azərbaycan və Türkiyənin beynəlxalq hüququ əsas tutaraq mövqelərini müəyyən etməsi nümunəvi və strateji addımdır. Bu, həm regionda dinc yaşamanın, həm də beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunmasının vacib şərtidir.
Deputatın sözlərinə görə, Prezidentin Qərbi Azərbaycana qayıdış məsələsini insan hüquqları kontekstində təqdim etməsi Azərbaycanın gücə deyil, hüquqa əsaslandığını nümayiş etdirir: "Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial bir çağırışdır – məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququ tanınmalı və qorunmalıdır. Azərbaycan və Türkiyənin ortaq dəyərlərə və beynəlxalq hüquqa əsaslanan siyasəti bölgədə sabitliyin və əməkdaşlığın təməlini təşkil edir. Bu yanaşma xalqlarımızın rifahı ilə yanaşı, qlobal təhlükəsizlik baxımından da strateji əhəmiyyətə malikdir. O bildirib ki, Prezident İlham Əliyevin çıxışı hüququn aliliyinə əsaslanan siyasətin qətiyyətli təzahürüdür və xalqımız bu siyasəti tam dəstəkləyir".
Zəhra Ağayeva
12:33 22.05.2025
Oxunuş sayı: 1194