Everesti fəth edən azərbaycanlı alpinist: “Oksigen balonumda hava tükəndi, həyəcanlandım”



“Ailəm hər zaman yanımda olub. Hər dəfə mənə güc və motivasiya veriblər. Mən də bu dəstəklə Azərbaycan üçün bir addım da irəli getmək qərarına gəldim”.
Crossmedia.az xəbər verir ki, bunu Heydər Əliyev adına Hava Limanında jurnalistlərə açıqlamasında Everest zirvəsini fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva deyib.
O bildirib ki, dağa qalxmaq olduqca çətin və təhlükəli şəraitdə baş tutub:
“Çox çətinliklərlə o dağa qalxmağa nail olduq. Hava şəraiti çox ağır idi. Biz havanın bir qədər açıq olduğu günü seçdik və o anda qərar verdik ki, zirvəyə qalxacağıq. Bu, istirahət və zaman tələb edən bir səfər idi, bu səbəbdən zirvəyə 35-40 gün ərzində çatdıq”.
O, bu müddət ərzində yaşadığı emosiyaları və iradə gücünü belə ifadə edib:
“Ən vacib olanı – bacaracağıma inanmaq idi. Bu inamla hər addımımı atdım. Səkkiz ildir bu zirvəni fəth etməyi düşünürdüm. Lakin son iki ildə çox ciddi şəkildə hazırlaşırdım. Bütün çətinliklərə baxmayaraq, məqsədimə çatdım. Everest dünyanın ən uca zirvəsidir və mənim üçün çox fərqli bir təcrübə oldu. 35 gün davam edən bu səfər fiziki və zehni cəhətdən olduqca ağır keçdi”.
O, zirvəyə az qalmış özünü pis hiss etdiyini bildirib: “Elə bildim həyəcanlanmışam. Sonradan məlum oldu ki, oksigen balonumda hava tükənmək üzrədir. Təxminən on dəqiqə yeni balonun gətirilməsini gözlədim. Ondan sonra zirvəyə qalxdım. Çox qorxulu an idi, amma öhdəsindən gəldim”.
İdmançı zirvədə Azərbaycan bayrağını qaldırarkən maraqlı bir sualla qarşılaşdığını da bildirib: “Məndən soruşdular ki, bu böyüklükdə bayrağı zirvəyə qədər necə çıxarmısan? Dedim ki, bu, mənim üçün qürurdur.
V. Musayeva sonda bildirib ki, belə bir uğur təkcə fiziki deyil, eyni zamanda güclü psixoloji hazırlıq tələb edir: “Everest başdan-ayağa bir sınaqdır”.
Səbinə Cəlilova, Selcan Məmmədova
19:34 21.05.2025
Oxunuş sayı: 2129