İranla hərbi təlimlərin "pərdəarxası": "Azərbaycan öz milli təhlükəsizliyi üçün..." - EKSPERT

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə Ermənistana səfərə gedib.
Səfər çərçivəsində müzakirə olunacaq məsələlər açıqlanmayıb.
Azərbaycan-Ermənistan münasibətlərindəki dəyişikliklər fonunda regional və beynəlxalq aktorların mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə İran-Ermənistan arasında hərbi əməkdaşlığın intensivliyi və paralel olaraq Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikası diqqət mərkəzindədir. Regionda formalaşmaqda olan yeni nəqliyyat dəhlizləri, xüsusən də Zəngəzur dəhlizi layihəsi isə bu münasibətlərə əlavə strateji ölçü qazandırır. Məsələlərlə bağlı Crossmedia.az-a hərbi ekspert Şair Ramaldanov danışıb. Ekspertin sözlərinə İranla Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində çoxsaylı faktlar mövcuddur: "Bu münasibətlər təkcə bu gün deyil, işğal dövründə və 2020-ci il Vətən müharibəsindən sonra da intensiv şəkildə davam edib. Hətta Qarabağa İran mütəxəssislərinin səfərləri, Ermənistan ərazisində pilotsuz uçuş aparatları ilə bağlı kursların keçirilməsi və bu texnikanın Ermənistana ötürülməsi kimi hallar müşahidə olunub. Bütün bu faktlar İran-Ermənistan hərbi əməkdaşlığının dərin və sistemli xarakter daşıdığını göstərir.
Bununla belə, bu əməkdaşlıq iki suveren dövlət arasında baş verdiyi üçün Azərbaycan tərəfindən birbaşa müdaxilə obyekti deyil. Lakin əgər Ermənistan bu əlaqələri Azərbaycana qarşı revanşist və ya düşmənçilik siyasəti çərçivəsində istifadə edərsə, bu artıq Azərbaycanın maraqlarına toxunan məsələ olur. Belə vəziyyətdə Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmağa hər zaman hazırdır".
Müsahibiniz bildirib ki, Azərbaycanla İran arasındakı münasibətlər hazırda müsbət dinamika ilə inkişaf edir: "Bu günlərdə “Araz 2025” adlı birgə hərbi təlimlərin Hadrut rayonunda keçirilməsi bu əməkdaşlığın praktiki təzahürüdür. İkitərəfli münasibətlər dostluq və qonşuluq prinsiplərinə əsaslanır və qarşılıqlı maraqlara söykənir. Bu baxımdan, İran-Ermənistan münasibətlərinin dərinləşməsi Azərbaycan-İran əlaqələrinə mənfi təsir göstərmir. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə, İran bu məsələdə öz mövqeyini açıq şəkildə bəyan edib. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq. Bu istiqamətdə hüquqi baza da mövcuddur – 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat bunun əsasıdır. Türkiyə Xarici İşlər Nazirliyinin də verdiyi açıqlamalara görə, dəhlizin 2028-ci ilə qədər istifadəyə verilməsi gözlənilir.
Qlobal aktorlar – Rusiya, Çin, Hindistan, hətta ABŞ belə bu dəhlizin açılmasında maraqlıdırlar. Bu baxımdan, Zəngəzur dəhlizi regional və qlobal əhəmiyyət daşıyan mega layihədir və onun reallaşması yalnız zaman məsələsidir.
O əlavə edib ki, Ermənistan suveren dövlət olaraq istənilən ölkə ilə əməkdaşlıq edə bilər: "Lakin bu münasibətlərin Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına zidd yön alması halında, Azərbaycan öz milli təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmaqda qərarlıdır".
Ləman Həsənova
13:51 21.05.2025
Oxunuş sayı: 3730