Azərbaycan səfirindən Ermənistana çağırış: "Sülh real əməllərlə bərqərar olmalıdır"

"Hazırda biz heç zaman olmadığımız qədər sülhə nail olmağa yaxınıq. Sülh müqaviləsinin mətni razılaşdırılıb. Onun imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və münaqişəni həll edə bilməyən ATƏT-in Minsk Qrupu kimi qeyri-funksional strukturlar ləğv edilməlidir. Azərbaycan bu iki məsələni danışıqların əvvəlindən etibarən ardıcıl olaraq qaldırıb".
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə bu ölkənin “The Holland Times” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi, konkret təkliflər irəli sürərək, strateji səbr və məsuliyyət nümayiş etdirərək ardıcıl olaraq sülhə sadiqliyini nümayiş etdirdi: " Bu fikirləri bəyan etmək üçün qlobal miqyasda sülh və ədalət paytaxtı kimi tanınan Haaqa ən uyğun yerdir. İndi regionda hərbi qarşıdurma səhifəsini çevirmək və yeni sülh dövrünə keçmək zamanıdır. Sülh sadəcə sözlərlə yox, real əməllərlə bərqərar olmalıdır. Ona görə də Ermənistan tez bir zamanda yuxarıda qeyd olunan iki maneəni aradan qaldırmalıdır. Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiya əlçatandır. Bu, təkcə Ermənistan və Azərbaycana deyil, həm də Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı yeni strateji bağlar və dəhlizlər vasitəsilə birləşdirərək daha geniş regiona fayda verəcək".
Kənan Novruzov
10:41 21.05.2025
Oxunuş sayı: 1270