Deputat: “Azərbaycan korrupsiyaya qarşı mübarizədə qətiyyətli mövqe tutur”

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet hesab edir.Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində qeyd olunub. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşıb: “Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır”.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirib ki, dövlətçiliyin əsas istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizədir: “Bu, dünya ölkələrinin qarşısında duran çox ciddi bir problemdir. Azərbaycan da ilk gündən etibarən buna qarşı mübarizə aparır. Əməliyyatların şəffaflığı, korrupsiya yaradan amillərin qarşısının alınması bu gün Azərbaycan üçün çox vacib fəaliyyət sahələrindən biridir. Bundan başqa, xüsusi olaraq Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin yaradılması və idarə rəisinə baş prokurorun müavinlərindən biri statusunun verilməsi Azərbaycanın bu məsələyə ciddi yanaşdığını göstərir. Vaxtaşırı cəmiyyət bu və ya digər idarədə, yaxud vəzifəli şəxsin korrupsiya əməlləri ilə bağlı məlumatlarla tanış olur. Bunların içində yüksək vəzifəli şəxslər də var ki, bu da sübut edir ki, qanun qarşısında hamı bərabərdir”.
O, həmçinin əlavə edib ki, maliyyə işinin şəffaflığı ilə bağlı yaradılan hesabatlılıq sistemi bu gün nümunəvi sistemlərdən biri hesab edilə bilər: “Rəqəmsal sistemdən istifadə olunması, ASAN Xidmət və DOST Xidməti modellərinin yaradılması, dövlət qulluğuna, o cümlədən hakimliyə qəbulun test üsulu ilə həyata keçirilməsi bir daha korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini göstərir”.
“Cənab Prezident çıxışında bu məqamlara bir daha toxundu və həm dünya ictimaiyyəti, həm də hər bir Azərbaycan vətəndaşı dövlətin korrupsiyaya qarşı mübarizədə qətiyyətli mövqe tutduğunu bir daha gördü. Bu belədir və bundan sonra da belə olacaq” - deyə deputat fikrini yekunlaşdırıb.
Fidan Xəlilova
17:44 20.05.2025
Oxunuş sayı: 754