Oruc insan psixologiyasına necə təsir edir?

Ramazan ayı təkcə mədənin deyil, eyni zamanda ruhun və zehnin sınağa çəkildiyi, insan psixologiyasının dərin dəyişikliklərə uğradığı bir dövrdür. Bu ayda insanların gündəlik vərdişləri, qidalanma rejimi və yuxu saatları dəyişir ki, bu da onların psixoloji vəziyyətinə təsir edə bilər.
Bəs Ramazan ayı insan psixologiyasına necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Fatimə Qasımova Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Ramazan ayı müsəlman dünyasının xüsusi bir həvəs və istəklə, səbrsizliklə gözlədiyi bir aydır:
"İstər elmi, istərsə də dini mənbələrdə Ramazan ayının fəzilətləri haqda olan məlumatlar hər birimizə məlumdur. Oruc tutmaq və ibadət etmək insan psixologiyasına müsbət təsir göstərir. Kitab insan ruhunu qidalandırdığı kimi, ibadətlər də mənəviyyatı paklaşdırır, zənginləşdirir, daxili aləmi aktivləşdirir, mövcud olan fiziki və psixoloji narahatlıqları, gərginlikləri aradan qaldırır.
Bu ay ərzində insanlar bir-biri ilə daha çox vaxt keçirir, dini mövzularda müzakirələr aparır, fikir mübadiləsi edirlər. Ramazan ayının fəzilətləri haqda danışılaraq dini görüşlər keçirilir. Həmçinin maddi cəhətdən imkansız ailələrə iftar süfrələri verilir, onlara azuqələr paylanılır.
Oruc tutmaq dini öhdəlikləri yerinə yetirməyin verdiyi huzur və məmnuniyyət hissi baxımından əhəmiyyətlidir. Bu müsbət təsir təkcə orucla məhdudlaşmır. Dinin insan üzərində müsbət təsiri məlumdur və bu, bütün dünya tərəfindən də qəbul olunur. Xüsusilə yay aylarında daha zəhmətli olan oruc ibadəti insanda zövqlərini və ehtiyaclarını təxirə salması səbəbi ilə Allaha yaxınlıq hissi yaradır və insan əmri yerinə yetirmiş olmağın verdiyi rahatlığı yaşayır. İnsan digər ibadətlər baxımından özünü tənqid etsə də, orucu yerinə yetirdiyi üçün ümidlənir. Allaha yaxın olmağın verdiyi güvən insanda narahatlıq hissini də azaldır. Oruc cəmiyyətdə özü kimi digər insanların da eyni narahatlıqlara dözüb ümidlə qarşılıq gözləməsi baxımından ictimai yöndən birləşdirici rola malikdir".
Psixoloqun sözlərinə görə, insan orqanizmi son yeməkdən 8 saat sonra oruc tutduğunu anlaya bilir:
"Bağırsaqlar son qəbul edilən qidaları tam həzm etdikdən sonra orqanizm oruc tutduğunu hiss etməyə başlayır. Sonrakı mərhələdə bədən enerji ehtiyacını ödəmək üçün qaraciyərdə və əzələlərdə saxlanılan ehtiyatlardan istifadə etməyə başlayır. Ramazan ayının ikinci yarısında orqanlar maksimum gücünə qayıdır, yaddaş və konsentrasiya güclənir, enerji artır.
Oruc tutmaq sağlamlıq üçün faydalıdır. Çünki nəyi və nə vaxt yediyimizə diqqət etməyə imkan verir. Lakin müddəti daha bir ay uzatmaq və davamlı oruc tutmaq məsləhət deyil. Orucun uzadılması uzun müddət ərzində yağların enerjiyə çevrilməsinin qarşısını alır və bədən enerji mənbəyi olaraq əzələlərə yönəlir. Bu da sağlamlığa mənfi təsir edir".
Elnurə Kərimova
12:21 28.03.2025
Oxunuş sayı: 1459