CROSSMEDIA - Rusiya sülhə getməlidir: Səbəb açıqlandı
Avropa

Rusiya sülhə getməlidir: Səbəb açıqlandı

Ukrayna ilə müharibənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər.

Bunu müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.

Rusiyanın sülh danışıqlarına getməmək üçün növbəti  bəhanəsi Ukrayna prezidenti Volodimir Zelenskinin legitim olmaması məsələsidir. Bu yeni bəhanə Rusiya rəsmilərinin bütün çıxışlarında öz əksini tapır. Yeni bir məsələ isə sülh danışıqlarının İstanbul sənədi əsasında aparılması məsələsidir.

Bəs bu sənədin yenidən gündəmə gətirilməsi müharibənin həllinə nə dərəcədə töhfə verə bilər?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

"İstanbul sənədi üzrə danışıqların aparılma ehtimalı hazırda o qədər də real görünmür. Çünki situasiya 3 il ərzində ciddi şəkildə dəyişib və şərtlər əvvəlki şərtlərlə eyni deyil. Müharibə başlayanda Rusiya mütləq üstünlüyə malik idisə bugün ciddi ciddi problemlərlə üz-üzədir.  Böyük ehtimalla ABŞ və Qərb İstanbul sənədinin gündəmə gətirilməsini bəhanə kimi qəbul edəcək. Nəzərə almaq lazımdır ki, İstanbul sənədi ilə sülh sazişi Rusiyanın maraqlarına cavab verəcək məzmun daşıyırdı. İndi isə situasiya dəyişdiyinə və Rusiya hərbi infrastrukturu azaldığına görə şərtlər də ciddi şəkildə ağırlaşacaq", - o bildirib.


Politoloq Zelenskinin legitimliyi haqqında danışıb: "Ukrayna prezidentinin legitimliyi məsələsi isə sadəcə Rusiyanın bəhanəsidir. Rusiyanın elə bir əsası yoxdur ki,  Zelenskinin legitimliyini şübhə altına alsın. Həmçinin V.Zelenskinin legitim olub olmamasını Kreml yox  Ukrayna qanunvericiliyi müəyyən edə bilər.  Ukraynada gecikən prezident seçkilərinin səbəbi ölkədə olan müharibə şəraitdir. Rusiya bu vəziyyəti nəzərə alaraq sülh danışıqlarına getməlidir".


Ayhan Ağarzayev

16:57 04.02.2025

Oxunuş sayı: 999

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR