Yaşamaq yox, paylaşmaq istəyirik: Cəmiyyətin yeni xəstəliyi — AÇIQLAMA
Müasir dövrdə smartfonlar artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanların gündəlik həyatını, sosial münasibətlərini, davranışlarını və dünyagörüşünü formalaşdıran əsas texnoloji vasitələrdən birinə çevrilib. İnsanlar günə telefonla başlayır, gün ərzində xəbərləri izləyir, sosial şəbəkələrdə vaxt keçirir, işlərini idarə edir, alış-veriş edir və ətraf aləmlə əlaqə saxlayırlar. Bir çox hallarda isə smartfonlardan istifadə ehtiyacı vərdişdən çıxaraq gündəlik həyatın ayrılmaz və nəzarət edilməsi çətin olan hissəsinə çevrilir.
Azərbaycanda da telefonlara tələbatın miqyası idxal göstəricilərində özünü göstərir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəyə smartfonlar və digər üç telefon kateqoriyası üzrə ümumilikdə 880 min 128 ədəd telefon idxal edilib. İdxal olunan məhsulların ümumi statistik dəyəri isə 366 milyon 82 min 80 ABŞ dolları təşkil edib. Bu rəqəmlər cəmiyyətdə mobil telefonlara olan tələbatın iqtisadi tərəfini göstərməklə yanaşı, onların sosial həyatımızdakı yerini də müzakirəyə çıxarır.
Xüsusilə sosial şəbəkələrin geniş yayılması, insanların virtual ünsiyyətə daha çox üstünlük verməsi, üzbəüz münasibətlərin müəyyən hallarda arxa plana keçməsi və telefon qarşısında keçirilən vaxtın artması bir sıra sosial suallar doğurur. Ailə daxilində ünsiyyətin zəifləməsi, ictimai məkanlarda insanların bir-birindən çox telefonlarına diqqət ayırması, gənclərin sosial münasibətlərə yanaşmasının dəyişməsi bu məsələnin müxtəlif tərəfləridir.
Digər tərəfdən, smartfonların insan həyatına gətirdiyi imkanları da danmaq olmaz. Təhsil, informasiya əldə etmək, işgüzar əlaqələr və gündəlik problemlərin həlli baxımından telefonlar mühüm vasitəyə çevrilib. Əsas məsələ isə texnologiyanın insan həyatını asanlaşdırması ilə onun insan davranışlarına nəzarət etməsi arasındakı sərhədin harada başlamasıdır.
Bəs smartfonlar cəmiyyətin sosial davranışlarını necə dəyişir?
Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova bildirib ki, 9 ay ərzində bu qədər telefonun Azərbaycana gətirilməsi insanların yeni texnologiyalara, xüsusilə də mobil telefonlara marağının yüksək olmasından irəli gəlir:

"Son 20-30 ildə insanları telefonsuz təsəvvür etmək, demək olar ki, mümkün deyil. Təkcə böyüklər deyil, hətta böyüklərin təsiri ilə uşaqlar, bir yaşı tamam olmayan körpələr belə telefona bağlanıb. Onları biz bu vərdişə özümüz sövq etmişik.
Əlbəttə, telefon insanların real həyatda sosiallaşmasının qarşısını alır. Hansı mənada? Virtual həyatda deyil, məhz real həyatda. Virtual aləm sosiallaşmaq üçün geniş imkanlar yaradır. Amma təəssüf ki, virtual həyatda sosiallaşmanın genişlənməsi real həyatdan uzaqlaşmağımız, sanki real həyatımızdan qopmağımız deməkdir. Bu isə insanlığa yaraşan hal deyil, insan təbiətinə yad bir məsələdir.
Xüsusilə Azərbaycan kimi Şərq ölkələri üçün sosiallaşmanın yalnız virtual aləmdə baş verməsi, insanların real həyatdan uzaqlaşması heç də yaxşı hal deyil. Bu məsələdə özümüzü Avropa ilə müqayisə etməyək. Çünki Avropa insanı tarixən daha soyuqqanlı olub. Əsrlər əvvəl necə idilərsə, bu gün də müəyyən mənada elədirlər. Onlarda bir-birinə qonaq getmək, birlikdə oturmaq, qonaqlıq etmək, yemək-içmək, qohum evində saatlarla vaxt keçirmək, qonşunun qapısını döymək ənənələri bizdəki qədər geniş yayılmayıb.
Amma bizdə belə deyildi. Bizim sosial həyatımız qohumlarımızla bir yerdə keçirdiyimiz günlərdən ibarət idi. Dostlarımızla, rəfiqələrimizlə keçirdiyimiz saatlar həyatımızın ayrılmaz hissəsi idi. Qonşularımızla bir yerə yığışar, samovar çayı dəmləyər, tut ağacının və ya digər meyvə ağaclarının altında oturaraq günümüzü xoş, firavan keçirərdik. Çox təəssüf ki, bu gün həmin ənənələrin böyük bir hissəsi geridə qalıb.
Telefon asılılığı insanları elə bir vəziyyətə gətirib çıxarıb ki, onlar artıq vaxtın azlığından şikayətlənirlər. Amma burada İbn Sinanın dəyərli bir kəlamını xatırlatmaq istəyirəm. İbn Sina deyirdi ki, ötən zamandır, biz insanlar deyilik. Bəli, zaman keçir, texnologiya inkişaf edir, telefonlarımız da təkmilləşir. Gördüyünüz kimi, demək olar ki, hər il yeni telefon modelləri satışa çıxarılır. Telefon mağazalarında insanların yeni modelləri almaq uğrunda necə mübarizə apardığının da şahidi oluruq.
Sanki sosial platformalar vasitəsilə elə bir mənzərə yaranıb ki, həmin telefonlar zəruri ərzaq məhsuludur və hər kəs mütləq onlardan almalıdır. Bəzən deyirik ki, sosial vəziyyətimiz yaxşı deyil, maddi problemlərimiz var. Amma telefon mağazalarında insanların yeni telefon almaq uğrunda mübarizəsini görəndə bu barədə düşünməyə bilmirsən. Biz yeməyimizdən, geyimimizdən, xarici ölkələrə səfərlərimizdən, hətta öz ölkəmizin gözəl regionlarına səyahətlərimizdən kəsərək həmin telefonları alırıq.
Sanki həyatımız yalnız nümayiş etdirməkdən ibarət olub. Mənim telefonum bu markadan olsun, başqalarının telefonundan daha bahalı olsun. Təəssüf ki, bu, xüsusilə orta yaşlı və gənc insanlar arasında bir növ xəstəliyə çevrilib. Telefon asılılığı, telefon xəstəliyi, mənim telefonum hamınınkından bahalı olsun düşüncəsi geniş yayılıb".
Sosioloq təəssüflə qeyd edib ki, gözəl həyatımızdan, qonaqlı-qaralı, gediş-gəlişli günlərimizdən, kollektiv şəkildə keçirdiyimiz vaxtlardan əsər-əlamət qalmayıb:
"İndi qohumlar bir-birinin evinə getmir, dostlar həftələrlə görüşə bilmir, rəfiqələr bir araya gəlmirlər. Həyatımız telefondan asılı vəziyyətə düşüb. Hər şeyi telefon vasitəsilə həll edirik. Gözaydınlığını da, başsağlığını da telefonla veririk, ad günlərini də telefon vasitəsilə qeyd edirik.
Real həyatda kiçik bir hadisə baş versə belə, onun virtual aləmdə daha böyük formasını yaratmağa çalışırıq. Paylaşırıq ki, hamı görsün, həyatımızda baş verənlərdən ətrafımızdakı hər kəs xəbərdar olsun. Sanki paylaşmaq xəstəliyinə tutulmuşuq. Bütün bunların insanı real həyatdan nə qədər uzaqlaşdırdığını düşünmək lazımdır.
İnsan real həyat üçün yaranıb. Biz sosial həyatda da iştirak etməliyik. Bir daha qeyd edirəm ki, zaman ötür, amma biz dəyişməməliyik, dəyişən zaman olmalıdır. Biz zamanı özümüzə tabe etməliyik. Texnologiyadan, telefondan, kompüterdən, hər gün yağışdan sonra göbələk kimi çoxalan sosial platformalardan istifadə etməliyik. Lakin bunların heç biri bizi real həyatımızdan qoparmamalıdır.
Biz insan və cəmiyyət olaraq zamanı özümüzə tabe etməliyik, onun axarına düşüb gedən tərəf olmamalıyıq. Bir xalqın, bir millətin zamanın axarına qapılıb getməsinin sonu necə ola bilər?
Bu gün bir ailəyə daxil olursan, görürsən ki, hər kəsin əlində telefon var. Biri divanda, digəri kresloda, başqası mətbəxdə, bir başqası isə yataq otağında oturub. Hamının başı aşağıdır, hər kəs telefona baxır. Analar qızları ilə söhbət etmir, valideynlər övladlarına vaxt ayırmırlar.
Bir qədər əvvəl sizin kimi jurnalistlərdən biri mənə 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı sual vermişdi. Bütün bunların səbəblərindən biri də valideynlərin uşaqlara vaxt ayırmamasıdır. Valideyn telefondan başını qaldırmaq istəmir, şəxsi həyatından, sosial çevrəsindən ayrılaraq ailəsinə vaxt sərf etmək istəmir. Nəticədə 17 yaşlı gənc ailə qurmaq barədə düşünür, 15 yaşlı qız isə qoşulub qaçmaq qərarına gələ bilir. Halbuki bu addımların onları hansı çətinliklərlə üz-üzə qoyacağını düşünmürlər. Bütün bunlar cəmiyyətimizdə problemlərin getdikcə artmasına səbəb olur.
Telefonların ölkəmizə gətirilməsinin həcmi nə qədər artırsa, bu məsələyə də bir o qədər ciddi yanaşmalıyıq. Düşünün, hər kəsin əlində telefon var, hətta körpə uşaqların belə. Biz onları müxtəlif şüalanma mənbələrinin təsirinə məruz qoyuruq. Hamiləlik dövründən başlayaraq telefon həyatımızın ayrılmaz hissəsinə çevrilir. Hamilə qadınlar şəkil çəkdirir, fotosessiyalar edirlər. Uşaq dünyaya gəlir, xəstəxanadan çıxış fotosessiyası keçirilir, bir aylığından 12 aylığına qədər müxtəlif fotosessiyalar təşkil olunur, ad günü çəkilişləri edilir. Uşaqları soyundurub-geyindirir, foto studiyalarına aparır, güclü işıqlandırma şəraitində çəkilişlər etdiririk. Bütün bunları telefonumuzda çoxlu şəkil və video olsun, paylaşaq, başqalarına göstərək deyə edirik".
Mətanət Məmmədova vurğulayıb ki artıq əksəriyyət görüntü və nümayiş xəstəliyinə tutulub:
"Düzdür, dediklərim ölkədə yaşayan hər kəsə aid deyil. Amma təəssüf ki, çoxsaylı insanımız bu vəziyyətdədir. İnsanların böyük bir qismi virtual həyatda yaşayır. Onlar artıq real həyatdan uzaqlaşıb, özləri üçün tamamilə fərqli bir həyat qurublar. Bu isə virtual, sosial platformalara əsaslanan həyatdır".
Məhəbbət Tərlanoğlu
18:59 20.11.2026
Oxunuş sayı: 115